Türkiyəni qarışdıran açıqlamanın səbəbi: Oğanın siyasi karyerası necə olacaq?

“ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğanın Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini açıqlaması Türk xalqının müəyyən qismi tərəfindən onun siyasi karyerasına zərər vuran amil kimi dəyərləndirilir. Əksəriyyət onun tərəfsiz qalmasının daha yaxşı qərar olacağını bildirsə də, bu seçimin Oğanın siyasi karyerasının inkişafı üçün daha doğru olduğunu qeyd edənlər də az deyil.

Bunun səbəbi nədir? Ümumiyyətlə Sinan Oğanın bu qərarı nə dərəcədə gözlənilən idi? Onun dəstəyi seçki prosesinə necə təsir göstərə bilər? Həmçinin siyasi karyerasının gələcəyi üçün necə bir xətt çəkmiş oldu?

Mövzunu Globalinfo.az-a dəyələndirən siyasi şərhçi Aqşin Kərimov Sinan Oğanın qərarının gözlənilən olduğunu bildirib və bunun səbəblərindən söz açıb:

“Sinan Oğanın Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini əvvəlcədən proqnozlaşdırmışdım, hərçənd təbliğat kampaniyasının yaratdığı informasiya yükü fərqli idi. Mən propaqandadan doğan yanaşmaları izləyirəm, amma onun əksinə gedə biləcək faktorları da nəzərdən keçirirəm, bu zaman Oğanın Ərdoğana dəstək olacağını görmək çətin deyildi.

Sinan Oğanın Ərdoğanı dəstəkləməsi onun idealları ilə bağlıdır. Ola bilər onun Ərdoğandan xoşu gəlmir, amma Ərdoğanın terrorçularla bağlı mövqeyi Oğanın yanaşmalarına yaxındır.

Əksinə, Oğan Ərdoğanı dəstəkləməsəydi, nüfuzu daha da aşağı enəcək, onun Atatürk ideallarına, millətçilik prinsiplərinə sadiqliyi şübhə altına düşəcəkdi. Kamal Kılıçdaroğlunun mövqeyi Oğanın fikri ilə üst-üstə düşmürdü, bu məsələnin ideallar arasındakı müqayisəli təhlilidir”.

A.Kərimov Oğanın dəstəyinin seçkilərin nəticəsinə necə təsir edəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib:

Başqa bir tərəfdən yanaşsaq, siyasətdə karyera əhəmiyyətlidir. Fərz edək ki, Oğan Kılıçdaroğluna dəstəkləyir və ona vəzifə vəd verirlər. Bu, Azərbaycanın xalq deyimi ilə desək, “nisyə söhbət”dir, çünki hələ Kılıçdaroğlu hakimiyyətə gələsi, komanda formalaşdırası, hakimiyyət uğrunda “Altılı masa”da mübarizə başlayası. Sinan Oğanın belə bir durumda vəzifə sahibi olmaq ehtimalı da aşağı düşürdü, o isə daha məqbul variantı seçdi.

İkinci, Oğan bilirdi ki, Ərdoğanı dəstəkləməsə belə, bu, seçkinin yekun nəticələri üçün həlledici olmayacaq və ara yerdə reputasiyası zədələnəcək.

Üçüncü, kim hansı fikirdədir, bilmirəm, ümumiyyətlə bu seçkilərdə Oğan olmasaydı belə, hətta təkcə Ərdoğanla Kılıçdaroğlu mübarizə aparsaydı, yenə də Ərdoğan qalib olacaqdı”.

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçirilək.

Ayşən Mustafa
Glibalinfo.az