Türkiyənin Qara dəniz sahilində yerləşən Kastamonu və Samsun vilayətlərində iki pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.
Globalinfo.az xəbər verir ki, IHA agentliyinin məlumatına görə, dronların hansı ölkəyə məxsus olması hələ müəyyənləşdirilməyib və məsələ mütəxəssislər tərəfindən araşdırılır.
Məlumata əsasən, Kastamonu vilayətinin Kuşkayası kəndində tapılan təxminən 200 kiloqramdan ağır olan dron yaşayış evinin yaxınlığındakı bağa düşüb və yerə çırpıldıqdan sonra yanmağa başlayıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Digər pilotsuz uçuş aparatı isə Samsunun Karataş bölgəsində yerli sakinlər tərəfindən aşkar edilib. Sakinlər dərhal jandarmaya məlumat veriblər və ərazi təhlükəsizlik məqsədilə mühasirəyə alınıb.
Bundan əvvəl, 14 iyunda Bartın və Kastamonu arasında yerləşən çimərlik ərazisində döyüş təchizatlı bir dron tapılıb, beş gün sonra isə həmin bölgədə daha bir dronun qalıqları aşkar edilib. Həmin aparatların da mənşəyi rəsmi olaraq açıqlanmayıb.
Hazırda bütün hadisələr üzrə araşdırma davam etdirilir.
Aysel Əliyeva
Globalinfo.az