ABŞ Prezidenti Donald Trampın İran ordusu ilə bağlı son açıqlaması diqqət çəkib. O bildirib ki, İran hərbi qüvvələri böhran vəziyyətindədir.
Sitat:
“İranın Hərbi Dəniz Qüvvələri yoxdur, Hərbi Hava Qüvvələri yoxdur, qalan hərbçilər maaş almır, SEPAH darmadağın edilib və qaçır, onların hökuməti isə ən yaxşı halda qeyri-sabitdir! Onların pulu yoxdur – ölkələri tükənib. Əllərində olan yalnız yalan xəbərlər və 300%-lik inflyasiyadır və vəziyyət getdikcə pisləşir!”
İranın üzləşdiyi iqtisadi və siyasi böhranın təsirləri artıq ölkənin sərhədlərini aşır. Xüsusilə Azərbaycanın qonşu İranla ticarət, nəqliyyat və enerji əlaqələri mövcud olduğu üçün Tehrandakı proseslər Bakıda da diqqətlə izlənilir.
Globalinfo.az-a danışan politoloq Oktay Qasımov bildirib ki, ABŞ–İran müharibəsi yalnız döyüş meydanında deyil, informasiya sahəsində də davam edir:
“Bu baxımdan həm Trampın, həm də İran rəsmilərinin açıqlamalarına informasiya müharibəsinin bir hissəsi kimi baxmaq lazımdır. Trampın sözügedən fikirlərində həqiqət payı kifayət qədər çoxdur.
Müharibə başlayandan bəri ABŞ İrandakı 15 mindən çox hədəfə zərbə endirib. Bu hədəflər sırasında İranın Hərbi Dəniz Qüvvələri də ciddi zərər görüb. Bundan başqa, İranın hava hücumundan müdafiə sistemlərinə ciddi zərbə vurulub. Hərbi Hava Qüvvələri isə demək olar ki, sıradan çıxarılıb. İranın raket və dron istehsalı müəssisələri, həmçinin raket qurğuları da zərər görüb.
Oqtay Qasımov
Lakin bütün bunlara baxmayaraq, İran rejimi hələ də ayaq üstədir. Bundan başqa, ABŞ aprel ayından etibarən İrana qarşı Hörmüz boğazında blokada tətbiq edir. Bu isə İran iqtisadiyyatına ciddi zərər vurur. Onsuz da İranda vəziyyət yaxşı deyil, iqtisadi və sosial durum günbəgün pisləşir. Ötən il bu səbəblərdən ölkədə etiraz aksiyaları keçirildi və həmin aksiyalar zamanı onlarla insan həyatını itirdi”.
Politoloq qeyd edib ki, İrana müharibə nəticəsində dəyən zərərin 300 milyard dollar olduğu bildirilir:
“Bu zərərin aradan qaldırılması İran üçün çətin olacaq. Bütün hallarda İranda iqtisadi vəziyyətin ağır olduğunu demək mümkündür. ABŞ isə blokadanı davam etdirmək istəyir. Hətta müharibəyə yeni tərəfdaşların cəlb edilməsinə də çalışılır.
Azərbaycana gəldikdə isə, əlbəttə, İranın daxilində gedən müharibə bizim üçün də müəyyən risklər ehtiva edir. Rəsmi Bakı hər zaman məsələlərin dinc yolla və beynəlxalq hüququn prinsipləri əsasında həllinin tərəfdarı olub”.
Turan Rzayev
Globalinfo.az