images 3

ABŞ dövlət katibi Marko Rubio deyib ki, Ukraynadakı vəziyyət münaqişənin sona çatmasına doğru irəliləmir, lakin ABŞ buna nail olmağa diqqət yetirir.

Rubionun sözlərinə görə, Vaşinqton prosesdə konstruktiv rol oynamaq istəyir.

Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, ABŞ-ın Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətində ziddiyyətli məqamlar hələ də qalmaqdadır:

“Vaşinqton bir tərəfdən müharibənin başa çatmasında maraqlı olduğunu bəyan edir, digər tərəfdən isə savaşın dayandırılması üçün real və nəticəyə hesablanmış addımlar atmır.

Rusiya-Ukrayna müharibəsi artıq dörd il yarımdan çoxdur davam edir. Bu müddət ərzində tərəflər arasında döyüşlər nəinki səngiməyib, əksinə, zərbələrin coğrafiyası və intensivliyi daha da genişlənib. Ukrayna Rusiyanın paytaxtı Moskva da daxil olmaqla müxtəlif ərazilərinə zərbələr endirir. Moskva isə buna cavab olaraq Kiyevi və Ukraynanın strateji obyektlərini hədəfə alır. Bu mənzərə göstərir ki, hazırda hər iki tərəf hərbi qarşıdurmanı davam etdirməkdədir və diplomatik masada yekun razılaşmaya nail olmaq perspektivi hələ də uzaq görünür.

Tutaq ki, ABŞ müharibəni bitirmək niyyətindədir. O zaman sual verilə bilər ki,  Vaşinqton indiyədək hansı konkret nəticəni əldə edib? Prezident Donald Tramp Rusiya lideri Vladimir Putinlə Alyaskada görüşüb, ardınca telefon danışıqları keçirilib. Lakin bu təmasların müharibənin dayandırılması baxımından real nəticəsi görünməyib. Əksinə, Trampın Putini dekabr ayında keçiriləcək G20 sammitinə dəvət etməsi Rusiyanın beynəlxalq təcridinin tədricən zəiflədiyi barədə ehtimalları gücləndirir”.

Cavansir 675x900 1
Cavanşir Abbaslı 

Siyasi şərhçi bildirib ki, Avropada da Moskva ilə münasibətlərin müəyyən istiqamətlərdə normallaşdırılması meylləri müşahidə olunur:

“Bu isə Ukraynanın əvvəlki mərhələdə olduğu qədər Qərbin gündəmində prioritet olaraq qalmadığı barədə ehtimalları artırır.

Digər tərəfdən, ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkiləri də Vaşinqtonun xarici siyasət qərarlarına ciddi təsir göstərir. Tramp Administrasiyasının seçkilərə qədər həm Ukrayna, həm də İran istiqamətində böyük və riskli addımlardan çəkinməsi mümkündür. Seçkilərdən sonra isə ABŞ-ın hər iki cəbhədə daha fəal siyasət yürütməsi ehtimalı arta bilər.

Lakin əsas məsələ bundan sonra atılacaq addımların Rusiya-Ukrayna müharibəsini həqiqətən dayandırmağa kifayət edib-etməyəcəyidir. Çünki dörd il yarımdan çox davam edən savaş artıq yalnız tərəflər arasındakı qarşıdurma deyil, ABŞ, Rusiya və Avropanın geosiyasi maraqlarının toqquşduğu mürəkkəb prosesə çevrilib”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: