Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı açıqlaması məsələnin yeni tərəflərini gündəmə gətirib. Paşinyan Musayevin erməni məhbuslardan biri ilə dəyişdirilməsi ehtimalına münasibət bildirərkən belə bir addımın gələcəkdə qarşılıqlı öhdəlik yaradacağını deyib. O, “biz əsgəri qaytarmaq üçün məhbuslardan birini bizə vermələrini istəyirik” yanaşmasına qarşı “bəs sabah bizim əsgərimiz sərhədi keçsə, əvəzində onlara kimi verəcəyik?” sualını səsləndirib.
Bu açıqlama fonunda Azərbaycan hərbçisinin geri qaytarılması üçün hansı addımlar atıla bilər? İrəvanın Nəsimi Musayevlə bağlı tutduğu mövqe Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarına təsir göstərə bilərmi?
Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, belə insidentlərdə ilk növbədə təxribatyönümlü qüvvələrin gərginliyi artırmasına imkan verilməməlidir:
“Paşinyanın bu məsələyə münasibətini son dərəcə dözümlü və təqdirəlayiq hesab edirəm. Təbiidir ki, gələcəkdə Ermənistan hərbçilərinin də sərhədi keçərək ərazimizə daxil olması və saxlanılması halları mümkündür. Bu səbəbdən, mövcud konyukturanı nəzərə alaraq məsələni mürəkkəbləşdirmək və ya gərginləşdirmək doğru olmaz”.
T.Abbasovun fikrincə, problemin həlli yalnız danışıqlar yolu ilə həyata keçirilməlidir:
“Xüsusi əlaqə kanalları vasitəsilə Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası və Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndələri bu məsələnin tənzimlənməsinə nail ola bilərlər. Burada hər hansı təxribat baş verməyib. Bununla belə, Ermənistan tərəfində məsələni şişirtməyə və bundan maksimum divident qazanmağa çalışan qüvvələrin olması istisna edilmir”.
Tofiq Abbasov indiyədək tərəflər arasında mübadilələrin həyata keçirildiyini qeyd edib:
“Azərbaycan tərəfi hər zaman bu kimi məsələlərə humanitar prizmadan yanaşaraq gərginliyi aradan qaldırmağa və zəruri həll yolları tapmağa çalışıb. Düşünürəm ki, hazırda davam edən sülh prosesinin gedişatı da tərəflərdən təmkinli davranmağı tələb edir. Məsələ, şübhəsiz ki, Azərbaycanın siyasi rəhbərliyinin və müvafiq qurumlarının diqqətindədir. Qarşı tərəf məsələyə qərəzli yanaşmadığı və durumu gərginləşdirilmədiyi təqdirdə, problemin həlli heç bir mürəkkəblik yaratmamalıdır”.
Zaira Akifqızı
Globalinfo.az