Sərnişindaşıma marşrutlarında avtobusların sayının azalması ilk baxışda nəqliyyat vasitələrinin çatışmazlığı ilə əlaqələndirilsə də, problemin əsas səbəblərindən biri sürücü çatışmazlığıdır. Qarajlarda kifayət qədər avtobusun dayanması, lakin onların marşrutlara buraxılmaması göstərir ki, nəqliyyat sistemində yalnız texniki imkanların artırılması problemi həll etmir. Avtobusu idarə edəcək peşəkar sürücünün olması da eyni dərəcədə vacibdir.
Sürücü üçün bu işin cəlbediciliyi ilk növbədə əməkhaqqı ilə iş yükünün nisbətindən asılıdır. Uzun iş qrafiki, tıxaclarda saatlarla işləmək, sərnişinlərlə ünsiyyət, yol hərəkəti qaydalarına ciddi riayət etmək və qəza riskinin yüksək olması sürücünün üzərinə böyük məsuliyyət qoyur. Əgər bu məsuliyyət və gərginlik adekvat gəlirlə kompensasiya olunmursa, insanlar həmin peşəyə maraq göstərməyə bilər.
Digər mühüm məsələ əmək şəraitidir. Sürücünün iş vaxtı, istirahəti, məzuniyyəti, sosial təminatı və əmək müqaviləsi ilə bağlı təminatları nə qədər güclü olarsa, peşənin cəlbediciliyi də bir o qədər artır. Əks halda sürücülər daha sabit və fiziki-psixoloji baxımdan nisbətən rahat işlərə üstünlük verirlər.
Burada yaş amili də nəzərə alınmalıdır. Uzun illər bu sahədə çalışan sürücülərin bir hissəsinin yaşlanaraq sektordan çıxması təbii prosesdir. Onları əvəz edəcək gənc kadrların yetişdirilməsi isə eyni sürətlə getmirsə, zaman keçdikcə sürücü defisiti daha da dərinləşir. Bu isə mövcud avtobus parkından tam istifadə etməyə imkan vermir.
Nəticədə marşrutlarda avtobusların azalması sərnişinlər üçün intervalın uzanmasına, dayanacaqlarda sıxlığın artmasına və ictimai nəqliyyatın keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Yeni avtobusların alınması vacib olsa da, sürücü problemi həll edilmədikcə həmin avtobusların bir hissəsinin qarajda qalması mümkündür.
Bu baxımdan sərnişindaşıma sistemində əsas diqqət yalnız avtobus parkının yenilənməsinə deyil, sürücülük peşəsinin iqtisadi və sosial baxımdan cəlbediciliyinin artırılmasına yönəldilməlidir. Əməkhaqqı, iş qrafiki, istirahət müddəti, sosial təminatlar və peşə hazırlığı məsələləri kompleks şəkildə həll olunmasa, avtobusların sayının artırılması sərnişindaşıma problemini tam aradan qaldıra bilməz.
Akif Nəsirli