“Hörmüz boğazından daşınan neftin həcmi demək olar ki, müharibədən əvvəlki səviyyəyə qayıtsa da, bu, dünyada yaranmış dizel yanacağı qıtlığını aradan qaldırmayıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” Kpler məlumatlarına istinadən yazır.
Analitiklər xəbərdarlıq edirlər ki, mövcud tədarük həcmlərini qorumaq mümkün olsa belə, bazarın tam bərpasını 2027-ci ildən tez gözləmək olmaz.
“Ötən həftə Hörmüz boğazından xam neft tədarükünün orta gündəlik həcmi 10,3 milyon barelə çatıb. Bu, müharibədən əvvəlki səviyyənin 76 faizinə bərabərdir. Lakin benzin və dizel tədarükü cəmi 1,3 milyon barel/gün təşkil edib ki, bu da ümumi daşınmanın yalnız 11 faizidir. Müharibədən əvvəl neft məhsullarının payı 20 faizdən çox idi.
Bunun səbəbi Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, İraq və regionun digər ölkələrindəki neft emalı zavodlarının raket zərbələrindən sonra hələ də tam fəaliyyət göstərməməsidir. Körfəzdən çıxarılan xam neftin böyük hissəsi Asiyaya göndərilir. Lakin Çin, Yaponiya və Cənubi Koreya istehsal etdikləri yanacağın demək olar ki, hamısını öz daxili bazarlarında saxlayırlar.
İstehlakçılar xam neft almırlar. Onlar benzin, aviasiya yanacağı və dizel alırlar. Yaxın Şərqdə raket və pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində bir neçə iri neft emalı zavodu zədələnib. Dünya neft məhsulları çatışmazlığı ilə üzləşib”, – Hyustondakı Lipow Oil Associates şirkətinin prezidenti Endi Lipou vəziyyəti belə izah edib.
Bildirilib ki, nəticədə ABŞ dünya bazarında neft məhsullarının əsas tədarükçülərindən biri olaraq qalır. Ötən ayın sonunda ABŞ-da dizelin orta qiyməti bir qallon üçün rekord həddə – 6,53 dollara, Kaliforniyada isə 8,44 dollara çatıb.
Əliyar Xəlil
Globalinfo.az