Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Mixail Kalugin bildirib ki, oktyabrda Moskvada Rusiya Energetika Həftəsi Beynəlxalq Forumu çərçivəsində “3+3” regional əməkdaşlıq platformasının enerji əməkdaşlığı məsələləri üzrə ilk görüşünün keçirilməsi planlaşdırılır.
Kalugin platformaya daxil olan ölkələrin xarici işlər nazirlərinin növbəti iclasının keçiriləcəyi yeri Azərbaycan və Ermənistanın müəyyənləşdirməli olduğunu qeyd edib.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi platformanın siyasi gündəlikdən iqtisadi və praktiki əməkdaşlığa doğru genişləndirilməsinə işarədir:
“Rusiya XİN-in Bakı və İrəvanın növbəti nazirlər görüşünün məkanını müəyyənləşdirməli olduğunu vurğulaması isə Azərbaycan-Ermənistan xəttinin formatın gələcək fəaliyyətində xüsusi əhəmiyyət daşıdığını göstərir.

Kənan Novruzov
Yaxın perspektivdə “3+3” çərçivəsində enerji, nəqliyyat və ticarət məsələlərinin ön plana çıxması gözlənilir. Nazirlərin növbəti görüşünün keçirilməsi üçün Bakı və İrəvanın razılaşması formatın institusional baxımdan aktivləşməsinə şərait yarada bilər. Eyni zamanda, Gürcüstanın prosesə daha fəal cəlb olunması “3+3”ün regional əhatəsini genişləndirə bilər”.
Turan Rzayev
Globalinfo.az