İranın İsrailə hücumu halında Vaşinqton nə edəcək? – ABŞ rəsmisinin yayındığı sual

iran israil abs

Jurnalistlər üçün xüsusi brifinqdə ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi deyib ki, İran İsrailə hücum edərsə, bunun nəticələri Tehran üçün fəlakətli olacaq.

“İsrailə qarşı kütləvi raket hücumu təhdidlərinə gəlincə, İran bu cür hərəkətlərin qismən qanuni olduğunu sübut etməyə çalışıb. Bu, qətiyyən doğru deyil. Baş verənlərin heç biri genişmiqyaslı silahlı hücuma haqq qazandırmır. Bu baş verərsə, biz İsraili müdafiə etməyə hazırıq. Amma iranlıları da bu yola getməməyə çağırardıq, çünki bunun nəticələri xüsusilə İran üçün olduqca fəlakətli olardı. Biz Yaxın Şərqdə vəziyyətin istənilən inkişafına hazırıq”, – o bildirib.

Vaşinqton administrasiyasının rəsmisi Tehranın İsrailə hücumu halında ABŞ-ın özünün İranı vurmağa hazır olub-olmaması sualına cavab verməyib.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, İranı hazırda İsrailə hücumdan çəkindirən əsas faktor ABŞ-dır:

zeynal serh

Zeynal Əmrəliyev

“Tehran ehtiyat edir ki, ABŞ ona qarşı sərt davranış sərgiləyər. Xüsusilə də nəzərə alaq ki, yeni Prezident Məsud Pezeşkianın komandası Qərblə dialoqun tərəfdarıdır. İran elə davranmaq istəyir ki, həm İsrailə cavab verilsin, həm də buna Qərb kəskin reaksiya verməsin.

C. Bayden administrasiyası da hazırda İran – İsrail toqquşmasına isti baxmır. Bu, seçkilər öncəsi demokratlara sərf etmir. Donald Tramp – Co Bayden debatında, Trampın Baydeni ən çox tənqid etdiyi məsələ məhz İsrailə dəstək idi. İsrail ABŞ – a yəhudi lobbisi vasitəsi ilə təzyiq edir ki, İranın qarşısını kəssin.

İran gec və ya tez İsrailə cavab verəcək. Lakin artıq HƏMAS liderinin öldürülməsindən ay yarımdan çox vaxt keçib. Veriləcək cavabla bağlı İranın özündə də fikir ayrılıqları var. Prezident və komandası nisbətən zəif cavabın verilməsin dəstəkləyir. SEPAH və mühafizəkar təbəqə isə daha radikal qərarların qəbulunu arzulayır. Vaxtın gecikməsinə səbəb olan əsas amillərdən biri də məhz budur. Ancaq necə olur – olsun, son qərarı ali dini lider Ayətullah Əli Xamenei verəcək. Ehtimal ki, ABŞ istədiyinə çatacaq. İranın İsrailə cavabı bir o qədər sərt olmayacaq”.

Turan Rzayev
Globalinfo.az