ukrayna rusiya 900x506 1

“Blumberq” mənbələrə istinadən məlumat yayıb ki, Almaniya, Fransa və Böyük Britaniya müharibəni dayandırmaq üçün Ukrayna ilə birgə danışıqlara Rusiyanı cəlb etməyin mümkün imkanlarını müzakirə edirlər.

Məlumat görə, adı çəkilən 3 ölkə son həftələrdə Ukrayna və Rusiyanın iştirakı ilə potensial danışıqlar formatı barədə qapalı məsləhətləşmələr aparıblar. Bu məsələlər Ukrayna tərəfi ilə də müzakirə olunub.

London, Paris və Berlin hesab edir ki, cəbhə xəttində və Rusiya daxilində baş verən son hadisələr Kremlə diplomatik təzyiq üçün daha əlverişli şərait yarada bilər.

Qeyd edilir ki, ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin faktiki olaraq dayandırılmasından və Rusiya ordusunun Avropa cəbhəsində verdiyi əhəmiyyətli itkilərdən sonra Kiyevin mövqeyinin güclənməsi üçün fürsət yaranıb.

Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, Rusiya-Ukrayna münaqişəsi ABŞ-ın planlaşdırdığı ssenari əsasında başlayıb:

“Hətta ABŞ Prezidenti Donald Tramp bu münaqişəni keçmiş prezident Co Baydenin başlatdığını bildirib. Hər iki şəxs ABŞ lideridir və Tramp Baydenin varisidir. Müharibə artıq 5 ildir davam edir. Bu münaqişədə Rusiya əleyhinə bir koalisiya yaranıb. De-fakto da olsa, bu koalisiya münaqişədə iştirak edir. Artıq bu, sadəcə Rusiya-Ukrayna qarşıdurması deyil. Ukrayna bir poliqondur, real olaraq Avropa İttifaqı və NATO ilə Rusiya arasında müharibə gedir.

Rusiya Ukraynanın 20-25 faiz ərazisinə nəzarət edirsə, bu, Moskvanın üstünlüyüdür. Bu münaqişədə Rusiya həm hərbi müstəvidə, həm də siyasi və iqtisadi baxımdan üstün tərəfdir. Münaqişəni doğuran səbəbə düzgün qiymət vermək lazımdır. Bu gün problemi həll etmək istəyiriksə, müharibəni doğuran səbəbə düzgün qiymət vermək lazımdır”.

azad mesiyev
Azad Məsiyev

Politoloq bildirib ki, Rusiya diktə edən tərəfdir, müharibəyə 100 milyardlarla vəsait xərcləyib, çox sayda itki verib:

“Rusiyanın şərtləri qəbul edilmədən müharibənin həlli mümkün deyil. Hesab edirəm ki, məsələyə daha geniş baxmaq lazımdır. Müharibə ABŞ tərəfindən başladılıb. Əsas məqsəd Rusiya ilə Avropa arasında geniş qarşıdurma yaratmaqdır. ABŞ üçün üç əsas təhlükə elementi var: Hərbi gücünə görə Rusiya, iqtisadi gücünə görə Çin və maliyyə gücünə görə Avropa.

ABŞ strategiyasına görə bu təhlükələr aradan qalxmalıdır. Rusiya-Ukrayna münaqişəsi də bu səbəbdən başladıldı. Münaqişə yolu ilə Rusiyanı hərbi, Avropanı isə iqtisadi cəhətdən zəiflətmək məqsədi güdülür. ABŞ-ın gücü tankda, topda deyil, dollardadır. Dollar dünya valyutası kimi dövriyyədə qalmalıdır və Vaşinqton bunun üçün çalışır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: