Təsdiqləndi: Bu şəxslərin maaşları artırıldı

bank 1

“Nazirlər Kabineti bir sıra dövlət qurumlarında çalışan və əməkhaqları dövlət büdcəsindən ödənilən işçilərin vəzifə maaşlarının məbləğlərini yeni redaksiyada təsdiq edib. Bu o deməkdir ki, həmin vətəndaşlarımızın maaşları artırılmış məbləğlərlə təsdiqlənib”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O, sözügedən kateqoriyaya kimlərin daxil olduğunu açıqlayıb:

“Baş nazirin imzaladığı sənədlərə əsasən, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin, Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının, Dövlət Vergi Xidmətinin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşlar yeni, artırılmış redaksiyada verilib”.

vuqar bayramov yeni

Vüqar Bayramov

Millət vəkili bildirib ki, baş nazirin bu qərarları “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına əsasən imzalanıb:

“Belə ki, həmin sənədə əsasən, Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin həmin sənədin birinci hissəsinə uyğunlaşdırılması təmin edilməli idi. Bu isə minimum əmək haqqının artırılması ilə  bağlı idi. Yəni Əli Əsədov minimum əmək haqqında artıma uyğun olaraq, sözügedən işçilərin maaşlarını artırıb”.

V.Bayramov qeyd edib ki, bu ildən minimum əməkhaqqı 16 faiz yüksəlsə də, Nazirlər Kabineti vəzifə maaşlarını diferensial artırıb:

“Tarif cədvəli üzrə daha az maaş alanlarında daha çox, yüksək əməkhaqqısı olanlarda isə nisbətən az faiz artımlara gedilib. Bununla belə, vahid tarif cədvəlinə uyğun olaraq bütün pillələr üzrə artımlar reallaşıb”.

Günay Rəsulqızı
Globalinfo.az