Şərur Rayon Polis İdarəsinin əməkdaşları 27 yanvar tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun Aralıq kəndindəki evində axtarış aparmaları haqda məlumat vermişik. Axtarış nəticəsində onun evində xeyli silah aşkarlandığı, evini qoruyan şəxsi mühafizəçilərinin saxlanıldığı bildirilir. Onlar arasında Vasif Talıbovun əmisi nəvəsinin olduğu deyilir.
Məsələ ilə bağlı Globalinfo.az-a açıqlamasında Ovqat.com saytının baş redaktoru, əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz xəbəri təsdiqləyib.
O bildirib ki, axtarış zamanı iki nəfər saxlanılıb:
“Saxlanılanlardan birinin soyadı Novruzov, digərinin isə Talıbovdur. Həmin Rövşən Talıbov elə Aralıq kəndində yaşayır. Lakin onun V.Talıbovla qohum olmadığı, sadəcə, soyadlarının oxşar olduğu deyilir.
Amma Həsənqulu Novruzov çox güman ki, V.Talıbovun yeznəsi Səbuhi Novruzovun qohumudur, özü də Siyaqut kəndindəndir”.
H.Oğuz saxlanılan şəxslərin həbsdə olmadıqlarını bildirib:
“Onların hər ikisindən ov tüfəngi götürülüb, amma özləri sərbəst buraxılıblar. Dediyim kimi, saxlanılan şəxsin Talıbovlarla yaxın qohum olmadığı bildirilir”.
Globalinfo.az-a etibarlı mənbənin verdiyi məlumata görə, Vasif Talıbovun evində aparılan axtarış zamanı məxfi sənədlər tapılıb. Həmçinin iddia olunur ki, axtarışda xeyli qanunsuz silah-sursat aşkarlanıb. Mənbəmiz bildirir ki, söhbət ov silahlarından getmir. Bildirilir ki, polislər V.Talıbovun evində avtomat silahla yanaşı, partlayıcı maddələr də aşkarlayaraq götürüblər. Bu məlumatların nə dərəcə doğu olub-olmadığı haqda dəqiq bir söz demək çətindir. Globalinfo.az bu iddiaların dəqiqləşdirilməsi istiqamətində araşdırma aparır. Araşdırmanın nəticələri haqda məlumat verəcəyik.
Zaira Akifqızı
Globalinfo.az