Son günlər havaların kəskin isti keçməsi taksi sürücüləri ilə sərnişinlər arasında narazılığı artırıb. Belə ki, sərnişinlər sürücülərin avtomobildə kondisioner olsa da, yanacağa qənaət etmək üçün onu işlətmədiyini bildirirlər. Bu vəziyyət xidmət keyfiyyəti ilə bağlı müzakirələrə səbəb olub.
İsti havada kondisioneri işlətməyən taksi sürücüsündən şikayət etmək mümkündürmü? Belə sürücülərə qarşı hansı inzibati tədbirlər görülə bilər? Bu cür hallarla qarşılaşan sərnişin öz hüquqlarını qorumaq üçün hansı addımları atmalıdır?
Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, bu cür hallarda sərnişinin şikayət etmək hüququ var:
“Xüsusilə havanın həddindən artıq isti olduğu günlərdə kondisionerin işlədilməməsi göstərilən xidmətin keyfiyyətinə təsir edir. Qanunvericiliyə əsasən, sərnişin daşıyan şəxslər təhlükəsiz və rahat xidmət göstərməlidirlər. Taksi fəaliyyəti ilə bağlı müəyyən edilmiş qaydalara əməl olunması sürücünün və daşıyıcının öhdəliyidir. Əgər taksi xidməti tətbiq üzərindən sifariş edilibsə və avtomobil kondisionerli kimi təqdim olunursa, lakin sürücü ondan istifadə etmirsə, bu, xidmət şərtlərinin pozulmasıdır. Belə hallarda ilk növbədə sərnişin sürücüdən kondisioneri işə salmasını xahiş etməlidir. Sürücü əsassız şəkildə bundan imtina edərsə, sərnişin həmin faktı tətbiq vasitəsilə qiymətləndirə və rəsmi şikayət göndərə bilər. Əksər taksi platformaları bu cür müraciətləri araşdırır və nəticədən asılı olaraq sürücüyə xəbərdarlıq edir, reytinqini aşağı salır və ya digər intizam tədbirləri tətbiq edir”.
Ellada Bayramova
Hüquqşünas bildirib ki, lisenziyalı fəaliyyət göstərən taksi xidmət qaydalarını pozursa, aidiyyəti dövlət qurumları araşdırma apara bilər:
“Pozuntunun xarakterindən asılı olaraq sürücüyə və ya daşıyıcıya qanunvericilikdə nəzərdə tutulan inzibati tədbirlər görülməsi mümkündür. Bunun üçün pozuntunun sübuta yetirilməsi vacibdir. Sərnişin şikayət edərkən avtomobilin dövlət qeydiyyat nişanını, sifariş məlumatlarını, tarix və vaxtı, mümkün olduqda isə digər sübutları təqdim etməlidir. Bu məlumatlar müraciətin araşdırılmasını asanlaşdırır. Kondisionerin mövcud olduğu halda qəsdən işlədilməməsi sadəcə etik məsələ deyil, xidmət keyfiyyəti ilə bağlı hüquqi mübahisə də yaradır. Sərnişin belə halları qəbul etməyə məcbur deyil və həm taksi platformasına, həm də zərurət yaranarsa aidiyyəti dövlət qurumlarına müraciət edərək öz hüquqlarının qorunmasını tələb etməlidir. Burada əsas məsələ göstərilən xidmətin vəd edilən standartlara uyğun olub-olmamasıdır”.
Ləman İmran
Globalinfo.az