Tağı Əhmədovun yerinə gələn Abdullayev kimdir? – Dosye

Azərbaycan Memarlıq və İnşaat Universitetində kadr dəyişikliyi olub. Belə ki, universitetin Nəqliyyat və logistika kafedrasının müdiri Tağı Əhmədov işindən ayrılıb.
 
Globalinfo.az bildirir ki, Modern.az bununla bağlı universitetlə əlaqə saxlayıb.

Universitetin mətbuat katibi Nicat Abdullayev saytımıza açıqlamasında bildirib ki, Tağı Əhmədov hələ bir ay öncə özü istefa verib.

“Tağı müəllim uzun müddət idi ki, xəstəydi. Buna görə də özü Memarlıq və İnşaat Universitetindəki kafedra müdiri vəzifəsindən istefa verdi. Onun yerinə texnika elmləri doktoru Qasım Abdullayev seçilib. Bir ay əvvəldən artıq seçim həyata keçirilib. Tağı müəllim uzun illər universitetimizdə fəaliyyət göstərib, öz sahəsini çox yaxşı bilən mütəxəssislərdən biridir”, – N.Abdullayev deyib.

Tağı Əhmədov 1998-ci ildən 2014-cü ilə kimi Bakı Metropoliteninin rəisi işləyib.

2016-cı ildən bu günə kimi isə Azərbaycan Memarlıq və İnşaat Universitetindəki Nəqliyyat fakültəsində Nəqliyyat və logistika kafedrasının müdiri vəzifəsini tutub.

Nəqliyyat və logistika kafedrasının yeni müdiri texnika elmləri doktoru Qasım Abdullayev metro tikintisi sahəsində praktik işlərlə yanaşı, həm də elmi-tədqiqat işləri ilə də məşğul olub. O, 2001-ci ildə Moskva Dövlət İnşaat Universitetinin aspiranturasına daxil olaraq metro-tunel tikintisi sahəsində elmi tədqiqat işləri aparıb. 2003-cü ildə Moskvada “Xətt boyunca olan qurğularda işin təşkilinin etibarlılığı” mövzusunda dissertasiya işi müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsi alıb.

2016-cı ildə “Xətt boyu yerləşən qurğuların tikintisinin idarə olunmasının təşkilatı-texnoloji etibarlılığının nəzəri əsasları” mözvusunda elmlər doktorluğu dissertasiya işi müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcəsi alıb. O, uzun illər “Azərtunelmetrotikinti” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsində çalışıb. Q. Abdullayevin fəaliyyəti dövründə “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül” kimi böyük stansiyaların inşası həyata keçirilib.

Prezident İlham Əliyevin sərəncamları ilə “Şöhrət” ordeni, “Əməkdar Mühəndis” fəxri adı, və  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə ilə təltif edilib.