(1992 8 may. Şuşanı işğal edən erməni terrorçuları şəhərdə yanğın və talanlar törədirlər)
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin Azərbaycan və Ermənistanla bağlı son açıqlaması diqqət çəkib. O bildirib ki, İran Bakı və İrəvan arasında sülh, dialoq üçün vasitəçi platforma rolunu oynamağa hazırdır. Bu bəyanat regional sabitlik baxımından yeni diplomatik təşəbbüs kimi qiymətləndirilə bilər.
Bəs, Azərbaycan və Ermənistan Tehranın bu təklifinə razılıq verəcəkmi? Ümumiyyətlə, İranın vasitəçiliyi tərəflərə hansı imkanları təqdim edə və ya hansı çətinliklər yarada bilər?
Globalinfo.az-a danışan politoloq Kazım Kazımov deyib ki, İran vasitəçiliyə əvvəllər dəfələrlə cəhd göstərib:
“Bu, ilk dövrlərdən müşahidə olunur. 1992-ci ilin mayında Tehranda üçtərəfli görüş təşkil olunmuşdu. Lakin həmin görüş çox uğursuz nəticələnmişdi. Belə ki, görüşlər davam edərkən Şuşa şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Bu səbəbdən Tehranın vasitəçiliyi effektiv olmadı.
Sonrakı dövrlərdə İran bu vasitəçilik formatından uzaqlaşdı. Zaman keçdikcə Tehranın Cənubi Qafqazda adekvat olmayan siyasəti, Qarabağ zəfərimizindən sonra bəzi İran idarələrinin anti-Azərbaycan mövqeyi münasibətlərin soyumasına səbəb oldu.
Son dövrlərdə İranla Azərbaycan arasında müəyyən yaxınlaşmalar müşahidə olunur. Görünən odur ki, İranın yeni administrasiyası əvvəlki səhvləri təkrarlamamağa çalışır. Ümid edirik ki, bu niyyətlər real addımlarla müşayiət olunacaq”.
Politoloqun sözlərinə görə, Ermənistan-İran münasibətləri uzun müddət yaxşı səviyyədə olub:
“Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsini Qərbə inteqrasiya etdirməyə çalışır və özü də müəyyən mənada Qərbdən asılı siyasətçidir. Hazırda – Qərblə İran arasındakı münasibətlərin gərgin olduğu dövrdə Paşinyanın Tehranla daha dərin əməkdaşlığa gedəcəyini düşünmürəm.
İran regionda bir qədər kənarda qalıb. Yaxın Şərqdə davam edən proseslərdə, xüsusilə Suriyada hakimiyyət dəyişikliyindən sonra öz mövqelərini itirib. Bu kontekstdə İran Cənubi Qafqaz regionunda təsirini artırmağa çalışır. Lakin hesab edirəm ki, Tehran formatı hələlik bu region üçün aktual deyil”.
Safura Bənnayeva
Globalinfo.az