“Şuşa Azərbaycanın mənəviyyat mərkəzi və qürur yeridir”.
Bunu Globalinfo.az-a açıqlamasında deputat Aydın Hüseynov deyib.
O bildirib ki, Şuşanın işğaldan azad olunması Azərbaycan xalqının tarixində, xüsusilə Vətən müharibəsi baxımından böyük tarixi hadisə olmaqla yanaşı, müasir hərb tarixinin də unikal səhifələrindən biridir:
“Burada Azərbaycan əsgərinin böyük rəşadət və cəsarətini nümayiş etdirən döyüşlər baş verib. Əsgərlərimizin həmin qayalıqlara qəhrəmancasına çıxması Şuşanın hər daşını, hər qayasını bizim üçün müqəddəs və əziz edir. Bu səbəbdən Şuşada tarixi məkanların üzərinə hər hansı yazıların həkk edilməsi ilk növbədə keçmişimizə, şəhidlərimizin və qazilərimizin göstərdiyi qəhrəmanlığa hörmətsizlikdir”.
Aydın Hüseynov
Deputat qeyd edib ki, Şuşa dövlət qoruğudur və burada qorunmalı xüsusi hüquqi tələblər mövcuddur:
“Hesab edirəm ki, belə hallara yol verən şəxslər qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb edilməlidir. Əgər mövcud hüquqi normalar bu cür halların qarşısını almaq üçün kifayət etmirsə, müvafiq qanunvericilik tədbirləri görülməli və tarixi-mədəni irsimizə zərər vuran hərəkətlərə qarşı daha ciddi məsuliyyət müəyyənləşdirilməlidir. Məsələnin çıxış yolu yalnız bundan ibarətdir”.
Ləman İmran
Globalinfo.az