Süni intellektin biznesdə tətbiqi yalnız texnoloji yenilik kimi deyil, insan kapitalının inkişafı baxımından da əhəmiyyət daşıyır.
Globalinfo.az xəbər verir ki, bunu “PASHA Holding”in nümayəndəsi Fərid Məmmədov deyib.
O bildirib ki, texnologiya və insan bir-birindən ayrı iki istiqamət kimi nəzərdən keçirilməməlidir. Onun sözlərinə görə, süni intellekt daha çox istedad və insan kapitalının inkişafına xidmət edən vasitə kimi qiymətləndirilməlidir.
Fərid Məmmədov qeyd edib ki, bu proses üç əsas istiqaməti əhatə edir.
Birinci istiqamət insanların bilik əldə etmək, həmin biliklər əsasında düzgün qərar vermək və mühakimə yürütmək bacarıqlarının inkişaf etdirilməsidir.
İkinci istiqamətin məhsuldarlığın artırılması olduğunu deyən Fərid Məmmədov bildirib ki, süni intellekt insanların gündəlik və rutin işlərdən azad olaraq daha çox dəyər yaradan fəaliyyətlərə, yeni iş üsullarına və qərarverməyə fokuslanmasına imkan verə bilər.
Onun sözlərinə görə, üçüncü istiqamət innovasiyadır. İnsanlar rutin işlərdən azad olduqda həm mövcud proseslərdə yeniliklər tətbiq etmək, həm də yeni biznes istiqamətləri və kanallar yaratmaq imkanları genişlənir.
Zaira Akifqızı
Globalinfo.az