Rusiya Prezidenti Vladimir Putin vətəndaşları qarşıdakı seçkilərdə mütləq səs verməyə çağırıb.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə “İnterfaks” məlumat yayıb.
“Əziz dostlar, səsvermə üç gün, sentyabrın 18-i, 19-u və 20-si keçiriləcək. Sizdən xahiş edirəm ki, konstitusion hüququnuzdan mütləq istifadə edin, düşünülmüş və məsuliyyətli qərar verin. Bu, seçkilərin nəticələrinin Rusiya cəmiyyətinin yetkinliyini və dayanıqlığını təsdiqləməsinə imkan verəcək”, – deyə Putin bildirib.
Onun sözlərinə görə, bu, Rusiyanı zəiflətmək, onun inkişafını məhdudlaşdırmaq, ölkəni suverenliyindən və öz taleyini müstəqil şəkildə müəyyənləşdirmək hüququndan məhrum etmək istəyənlərə ümumi cavab olacaq.
Rusiya prezidenti hər bir seçicinin səsinin əhəmiyyət daşıdığını vurğulayıb:
“İnsanları hansı siyasi qüvvələrin həm federal parlamentdə, həm regionlarda, həm də yerli səviyyədə təmsil edəcəyi sizin şəxsi seçiminizdən birbaşa asılıdır. Əminəm ki, sizin dəstəyinizə və etimadınıza arxalanaraq ən layiqli və səriştəli namizədlər, Rusiyanın əsl vətənpərvərləri qalib gələcək”.
Qeyd edək ki, IX çağırış Dövlət Dumasına deputat seçkiləri sentyabrın 18-20-də keçiriləcək. Rusiya vətəndaşları 450 deputat seçəcəklər. Onlardan 225-i partiya siyahıları, digər 225-i isə birmandatlı seçki dairələri üzrə müəyyənləşəcək.
“Yabloko”nun federal siyahısının seçkidən çıxarılmasından sonra seçki bülletenində 10 partiya qalıb. Onlar “Vahid Rusiya”, LDPR, Birbaşa Demokratiya Partiyası, “Yaşıllar”, “Ədalətli Rusiya”, “Rodina”, Rusiya Kommunist Partiyası, Pensiyaçılar Partiyası, “Rusiya Kommunistləri” və “Yeni İnsanlar”dır.
Əliyar Xəlil