DİN-dən müəllimin uşaqları qamçı ilə döyməsinə reaksiya – Anbaan video

Araşdırmalar zamanı müəllimin şagirdi döyməsi hadisəsinin cari ilin yanvar ayında baş verdiyi müəyyən olunub.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

O bildirib ki, hazırda müəllim və şagirdin valideynləri Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunublar:

“Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

***11:53

“O bizim tədris müəssisəmizdə icarəyə otaq götürüb riyaziyyat fənnindən dərs deyir. Bu günə qədər dərs deyirdi, lakin bu gün yayılan videogörüntülərlə bağlı Elşad müəllimin bizim müəssisədə fəaliyyətinə xitam veriləcək”

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a yayılan videogörüntülərlə bağlı açıqlama verən “Xəmsə” Tədris Mərkəzi Sumqayıt filialının direktor əvəzi Amaliya Əliyeva deyib.

O bildirib ki, həmin müəllim pandemiya dövründən “Xəmsə” Tədris Mərkəzində icarəyə otaq götürüb:

“Elşad Qurbanov həmin dövrdə bizdə dərs deyib. Hətta nəticələri yüksək olan müəllimlərdən biridir. Valideynlər uşaqlarını riyaziyyatdan məhz o müəllimin hazırlaşdırmasını istəyirdilər. Yüksək nəticə əldə etsinlər deyə o vəziyyətdə dərs keçməsinə belə valideynlər razı idi. Elşad Qurbanovun qrupuna uşaq yerləşdirmək də çətin idi, hər uşağı qrupa götürmürdü. Həmin videogörüntülərdəki hadisə də pandemiya dövründə olub. Hadisənin videogörüntüləri indi yayılıb. Heç o dövrdə də bizə bu barədə valideyn şikayəti daxil olmamışdı”.

***11:41

Sumqayıtda müəllimin uşaqları qamçı ilə döyməsi sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşılan görüntülərin Sumqayıtda “Xəmsə” tədris müəssisəsində lentə alındığı deyilir.

Videogörüntüdə müəllimin şagirdləri qamçı ilə döydüyü, şiddət göstərdiyi aydın görünür.  Paylaşımlarda iddia edilir ki, sözügedən müəllimin adı Elşaddır.

Həmin videogörüntüləri təqdim edirik: