İrəvan narahatdır: “Bakının növbəti hədəfi bu olacaq”

Prezident İlham Əliyev sonuncu dəfə Londonda səfərdə olarkən jurnalistlərin sülh prosesinin necə irəlilədiyi ilə bağlı sualı “Əla” jesti ilə cavablamışdı. Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov isə iki gün öncə “Hudson” İnstitutunda keçirilən müzakirələr zamanı sülh müqaviləsi istiqamətində müəyyən irəliləyişin olduğunu qeyd etdi.

Sülh prosesi ilə bağlı Bakıdan tez-tez nikbin bəyanatlar eşidilsə də, İrəvanın açıqlamaları və davranışı bununla üst-üstə düşmür. Sanki Ermənistan prosesi arxa plana keçirməyə çalışır.

Azərbaycanın bu nikbinliyi hardan qaynaqlanır? Ermənistanın pərdəarxasında fərqli planı var?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, sülh prosesi ilə bağlı tərəflərin müxtəlif baxış bucağına sahib olmasının başlıca səbəbi qalib və məğlub ölkələrin hadisələrə yanaşması arasındakı fərqdir:

“Qalib Azərbaycanın Prezidenti cənab İlham Əliyevin bütün bəyanatları onu deməyə əsas verir ki, Ermənistan tərəfi istər könüllü, istərsə də məcburi əsaslarla Bakının sülh gündəliyinə daxil etdiyi məsələlərdə gec-tez ortaq məxrəcə gələcək. Çünki bu gündəlik heç bir halda yalnız qalibiyyətdən irəli gələn yanaşmalar əsasında formalaşdırılmış reallıq deyil. Onun arxasında tarixi, hüquqi və mənəvi əsaslarla dəstəklənən ədalət axtarışı var. Deməli İrəvan qalib, həmçinin haqlı tərəf olan Bakının maraqları və hədəfləri ilə hesablaşmağa məcburdur”.


Aytən Qurbanova

Onun sözlərinə görə, sonrakı mərhələdə başlıca məqsəd bütöv Azərbaycanın yeni hədəflərinə addım-addım yaxınlaşmaqdır:

“Bizim ilkin hədəfimiz ərazi bütövlüyümüzün bərpa edilməsi və bütün torpaqlarımızda suverenliyimizin bərqərar olunması idi. Buna artıq nail olmuşuq.. Heç şübhəsiz, Ermənistan da daxil olmaqla bütün sərhədyanı ölkələrlə münasibətlərin normal qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Belə olan halda təbii ki, müzakirəyə açıq kifayət qədər problemli məsələlərin olması faktı istisna edilmir. Bu məsələlər ətrafında danışıqlar hələ də davam etdirilməkdədir”.

A, Qurbanova qeyd edib ki, Ermənistan tərəfi ənənəvi ritorikadan çıxış etməklə süni gərginlik mühiti formalaşdırmağa çalışır:

“Delimitasiya və demarkasiya komissiyasının fəaliyyəti davam edir. Kommunikasiya xətlərinin bərpası ilə bağlı müzakirələrdə Ermənistanın qeyri-konstruktiv mövqeyindən irəli gələn ziddiyyətli məqamlar var. Sülh müqaviləsinin imzalanmasına mane olan əsas məsələ isə Ermənistan konstitusiyasına edilməli olan dəyişikliyin gecikdirilməsi və bu məsələdən diqqətin yayındırılması cəhdləridir. Nəticə etibarilə, Ermənistanın iddialarının və bütün təxribat xarakterli çıxışlarının əksinə, danışıqlar prosesi çərçivəsində yetəri qədər yol qət edilməsi faktı artıq hər kəsə məlumdur.  Bizim üçün sülh danışıqlarının indiki perspektivi ilə bağlı önəmli və etibarlı mənbə hər zaman sözü imzası qədər dəyərli olan dövlət başçımızın bəyanatlarıdır”.

Turan Rzayev
Globalinfo.az