Südün 1 litrinin 15 qəpiyə alınmasına etiraz edən və 60 litr südü yerə tökən fermerin videosu sosial şəbəkədə müzakirələrə səbəb olub.
Globalinfo.az bildirir ki, “Yeni Sabah”a danışan aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, süd və süd məhsullarına tələbat yetərincə yüksəkdir:
“Fermerlər düşünür ki, məhsul istehsal edəcəklər və çox asanlıqla sata biləcəklər. Amma Azərbaycan ötən ilə nisbətən süd idxalını bu il xeyli artırıb. İdxal etdiyi südün 1 litrinin dəyəri 2 dollardan yüksəkdir.
Kənd Təsərrüfatı Nazirliyi xırda süd istehsalçılarını vahid kooperasiyada birləşdirməlidir. Təəssüf ki, ölkədə kənd təsərrüfatı sahəsinə cavabdeh olan şəxslər öz vəzifə borclarının nədən ibarət olduğunu bilmir. Onlar qeyri-peşəkar olduqları üçün nə edəcəklərini də bilmir”.
V.Məhərrəmov əlavə edib ki, fermerlər üçün yerlərdə şərait yaratmalı, ucuz kredit resursu təşkil etməlidir:
“Azərbaycanda süd məhsullarına ehtiyacın 50 faizini daxili istehsal hesabına təmin edə bilirik. Ona görə də dövlət fermerlər üçün yerlərdə şərait yaratmalı, ucuz kredit resursu təşkil etməlidir. Amma Kənd Təsərrüfatı Nazirliyi bu sahədə heç bir iş görmür. Hazırda ölkədə ət məhsulları ilə bağlı da defisit yaranıb, belə getsə süd məhsulları da eyni aqibətlə üzləşəcək”.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban Axar.az-a bildirib ki, fermer bununla bağlı daha bir video çəkərək paylaşıb və məsələ artıq razılaşdırılıb.
Onun sözlərinə görə, dövlət tərəfindən fermerə dəstək göstərilməsi nəzərdə tutulur.
Ramin Qurban qeyd edib ki, nazirlik iyun ayında da südə dövlət dəstəyi ilə bağlı açıqlama verib:
“Subsidiya Şurasının iclası keçiriləcək və həmin iclasda fermerlərə hansı həcmdə dəstək veriləcəyi ilə bağlı dəqiq qərar qəbul olunacaq”.
Qeyd edək ki, fermer yaydığı növbəti videoda dəstəyə görə hər kəsə, o cümlədən rəsmi qurumlara təşəkkür edib.
