SON DƏQİQƏ: Laçın yolunda saxlanılan məşhur separatçı general Bakıya gətirildi

Sentyabrın 29-da “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyanın Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb.

Bu barədə Globalinfo.az-a DSX-dən məlumat verilib.

“Saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib”, – məlumatda qeyd olunub.

***14:14

Qarabağda Ordumuzun əməliyyatı nəticəsində təslim olmuş qondarma rejimin keçmiş müdafiə naziri Levon Mnatsakanyan Laçından Ermənistana keçmək istəyərkən saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası və sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb.

Onun Qarabağdan Ermənistana getmək üçün Laçında yerləşdirilən nəzarət-buraxılış məntəqəsindən keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanıldığı bildirilir.

Qeyd edək ki, Levon Mnatsakanyan hər iki Qarabağ müharibəsində iştirak edib. 1990-cı illərdə Qarabağda azərbaycanlı əhaliyə qarşı xüsusi amansızlıq göstərən erməni terrorçularından biridir. İkinci Qarabağ müharibəsi zaman xüsusilə Şuşa və Xankəndinin “müdafiəsində” aktiv iştirak edib. 

Ayşən Mustafa
Globalinfo.az