2026-cı ilin ilk yarısı artıq geridə qalıb. Bu müddət ərzində ölkənin siyasi, iqtisadi və sosial gündəmində mühüm hadisələr baş verib.
Bəs ilin əvvəlində qarşıya qoyulan hədəflər hansı səviyyədə icra olunub və əsas istiqamətlər üzrə hansı nəticələr əldə edilib? İlk altı ay ərzində Azərbaycanda hansı mühüm hadisələr baş verib? Ermənistanla sülh sazişi üzrə danışıqlar, Zəngəzur dəhlizi ilə bağlı proses, iqtisadi islahatların gedişi, Böyük Qayıdış Proqramının icrası və digər prioritet istiqamətlər üzrə vəziyyət hazırda hansı mərhələdədir?
Globalinfo.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib ki, 2026-cı ilin birinci yarımilliyini Azərbaycan üçün siyasi, iqtisadi və sosial baxımdan uğurlu dövr kimi qiymətləndirmək olar:
“Bu müddət ərzində ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılıb, inflyasiya idarəolunan səviyyədə – təxminən 5-6 faiz civarında olub, strateji valyuta ehtiyatları isə artaraq 90 milyard ABŞ dollarına yaxınlaşıb. Bu göstəricilər ölkə iqtisadiyyatının dayanıqlığını və həyata keçirilən iqtisadi siyasətin səmərəliliyini nümayiş etdirir. Son altı ay ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, işğaldan azad edilmiş ərazilərin bərpası, nəqliyyat-kommunikasiya layihələrinin genişləndirilməsi və regional sülh gündəliyi dövlət siyasətinin əsas prioritetləri olaraq qalmaqdadır. Eyni zamanda sosial proqramların icrası, infrastruktur layihələrinin genişləndirilməsi və rəqəmsal transformasiya istiqamətində mühüm addımlar atılıb. Digər mühüm məqamlardan biri Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi olub. Ölkəmiz müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə və regional əməkdaşlıq layihələrində fəal iştirak etməklə etibarlı tərəfdaş kimi nüfuzunu daha da gücləndirib.
Deputat qeyd edib ki, hər il olduğu kimi, 2026-cı il üçün də dövlət tərəfindən sosial-iqtisadi inkişafı, rəqəmsal transformasiyanı və regional əməkdaşlığı əhatə edən geniş hədəflər müəyyənləşdirilib:
“İlk altı ayın nəticələri göstərir ki, bu istiqamətlər üzrə həyata keçirilən tədbirlər planlı şəkildə davam etdirilir. Ən mühüm prioritetlərdən biri Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurla icrasıdır. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir.
Yeni yaşayış məntəqələri salınır, yollar, enerji, su və sosial infrastruktur layihələri icra olunur. Artıq 40-dan çox yaşayış məntəqəsinə 90 mindən artıq keçmiş məcburi köçkünün qayıdışı təmin edilib ki, bu da dövlətin qarşıya qoyduğu strateji hədəflərin uğurla icra olunduğunu göstərən mühüm göstəricilərdən biridir. Bununla yanaşı, fevral ayında Prezidentin sədrliyi ilə 2026-2028-ci illəri əhatə edən Rəqəmsal İnkişaf Strategiyası qəbul edilib. Strategiyaya uyğun Yol Xəritəsi çərçivəsində süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizlik sisteminin gücləndirilməsi, innovasiya ekosisteminin formalaşdırılması və dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bu tədbirlər Azərbaycan iqtisadiyyatının rəqəmsal transformasiyasını sürətləndirməyə xidmət edir. Eyni zamanda regional sülhün möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və nəqliyyat-logistika layihələrinin inkişafı istiqamətində də ardıcıl fəaliyyət davam etdirilir”.
A.Badamov bildirib ki, 2026-cı ilin ilk yarısında ölkə gündəminin əsas mövzularını regional diplomatiya, iqtisadi inkişaf və Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri təşkil edib. Bildirib ki, Ermənistanla sülh danışıqları 8 avqust 2025-ci il Vaşinqton razılaşmalarının ruhuna uyğun şəkildə davam etdirilir.
Deputat deyib ki, xüsusilə qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı, emal sənayesi, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrinə investisiyaların artırılması məqsədilə yeni dövlət proqramları həyata keçirilir. Bu siyasət iqtisadiyyatın şaxələndirilməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir.
A.Badamov əlavə edib ki, xarici siyasətdə isə Azərbaycan enerji təhlükəsizliyi, Orta Dəhlizin inkişafı, nəqliyyat-logistika layihələrinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəal siyasət yürüdür.
Zaira Akifqızı
Globalinfo.az
