WhatsApp Image 2026 10 13 at 20.26.38

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral dövləti adından hicabla bağlı Azərbaycandakı vəziyyətə münasibət bildirərək “hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbul edilməzdir” deyib.

O. Saral sıradan biri deyil. Onun sözü birbaşa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyi sayılır. Yəni Ankara artıq kurasiyasındakı təbliğat maşınının — trolların və medianın deyil, Prezidentin adından danışan şəxslərin vasitəsilə “mövqeyini” ortaya qoyur. Saralın bəyanatından sonra yəqin Türkiyə tərəfdən kimsə Azərbaycana qarşı təhdid, şər və təhqir kampaniyasının hansısa məchul qüvvələrin işi olduğunu söyləyə bilməyəcək.

Yeni Azərbaycan Partiyası (YAP) məsələyə yerində və dolğun cavab verib. Lakin hesab edirəm ki, bu məsələdə təkcə YAP deyil, hər bir Azərbaycan vətəndaşı cavab verməlidir. Özü də hay-küy və təhqirlə deyil, bizə yaraşan tərzdə…

Öncə deyim ki, Azərbaycan və Türkiyə sadəcə qonşu ölkələr deyil. Biz qardaş, dost və müttəfiq ölkələrik. Bəli, Türkiyə mediasının son zamanlar Azərbaycanı qaralamasına, Ankaranın öncə xarici siyasətimizə (BMT Baş Assambleyasının 81-ci iclasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndəsinin zalı tərk etməməsi məsələsi), indi isə daxili məsələlərimizə (Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qərarı) müdaxilə etməyə cəhd göstərməsinə baxmayaraq, biz hələ də dost, müttəfiq və qardaşıq.

Çünki bizim üçün bu dostluq və qardaşlıq uzun on illiklərə söykənir. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtmasından sonra bu qardaşlıq, doğmalıq daha da inkişaf edib. Türkiyə-Azərbaycan münasibətləri, müttəfiqliyi Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı ilə möhürlənib. “Bir millət, iki dövlət” şüarı boşuna deyilməyib. Çünki Türkiyə ilə Azərbaycan arasında tarixi, milli, mədəni və mənəvi bağlar son dərəcə güclüdür. Lakin “bir millət” anlayışı “bir dövlət” anlayışı demək deyil. Əksinə, iki dövlətin müstəqilliyinə, suverenliyinə və siyasi seçimlərinə hörmət edilməsi bu qardaşlığın əsas şərtidir.

Azərbaycan Türkiyəyə qardaş deyərək öz dövlətçilik iradəsindən imtina etməyib! Hər bir dövlətin öz prioritetləri var. Müstəqil xarici və daxili siyasət yürütmək haqqını heç kim kənardan gəlib bir dövlətin əlindən ala bilməz! Buna cəhd belə etmək haqqı yoxdur!

Bəzi reallıqları xatırlatmağa gərək olduğunu düşünürəm:

Tarix 2021-ci ilin iyul ayının sonları idi və Türkiyədə meşə yanğınları başladı. Avqust ayında genişlənən meşə yanğınları zamanı Türkiyəyə ilk yardım göndərən ölkə Azərbaycan idi. Azərbaycanın ilk yanğınsöndürənlər qrupu 30 iyul 2021-ci ildə Türkiyəyə yola salındı, 100 nəfərlik qrup isə iyulun 31-də Muğlanın Dalaman hava limanına çatdı.

Bu hadisəni bugünkü kimi xatırlayıram, çünki həmin vaxt Fövqəladə Hallar Nazirliyinin (FHN) tərkibində Türkiyəyə gedən jurnalistlərdən biri də mən idim. Aydın Muğla dağlarında canını heçə sayaraq yanğına girən, yanğını söndürən və insanları xilas edən yanğınsöndürənlərimizi görmüşəm.

2023-cü il fevralın 6-da Kahramanmaraş vilayəti yaxınlığında baş verən dağıdıcı zəlzələlərdən sonra Türkiyəyə ilk yardım göstərən ölkə yenə Azərbaycan idi. Mən o günləri də yaxşı xatırlayıram. Gecə saatlarında Azərbaycan xalqının evindəki yorğan-döşəkləri, paltarları yardım TIR-larına çatdırmasını, yükləməsini və yola salmasını unutmamışam.

Unutmadıqlarımız qədər unutduqlarımız da var!

Biz İrəvanın ermənilərə verilməsinin Osmanlı imperiyasının təhriki və tələbi ilə olduğunu unutduq;

Biz Azərbaycan Xalq Cümhuriyyətinin işğalının Türkiyə tərəfindən tanınmasını da hər zaman görməzdən gəldik;

Biz Boraltanda baş verənlərə rəğmən Türkiyəni sevdik, ona qardaş dedik.

Türkiyə bizim üçün hər zaman Türkiyədir. Lakin qarşımızda eyni Türkiyəni görmürük. Qarşımızda dini siyasi məqsədlərinə alət edən bir güruhu görürük.

Bu güruhun ilhamvericisi isə AKP yetkililəridir!

AKP açıq şəkildə bir xülya içindədir. Özü də bu xülyaya xroniki bağlılıq göstərərək gözü dostunu da, düşmənini də seçə bilmir. Hakimiyyət uğrunda AKP, əli Mehmetçiyin qanına batan, türk analarını, hətta kürd analarını ağlar qoyan Abdullah Öcalanı parlamentə gətirmək istəyir.

AKP sözün əsl mənasında İran təsirinin Türkiyədə yayılmasına və genişlənməsinə, hətta parlamentə qədər gəlib çıxmasına da şərait yaradıb.

AKP şeyxlər, təriqətlər və təkkələr vasitəsilə insanların dini duyğularından istifadə edəcək qədər bu gün kiçilib.

Dediyim kimi, AKP Osmanlı xülyasını yaşayır. Lakin anlamırlar ki, Türkiyənin özünü Osmanlının varisi sayması ayrı bir şeydir, Osmanlı olması isə tamam başqa şey. Əslində, bu məsələni Qazi Mustafa Kamal Atatürk Cümhuriyyəti qurarkən “Yurdda sülh, cahanda sülh” deyərək bağlamışdı. Lakin AKP iqtidarı özünü Osmanlının varisi, neosmanlıçı hesab edir.

Azərbaycan dostluğa da, qardaşlığa da sadiqdir, amma diktə, təhdid və təzyiq dilini qəbul etmir. Buna cəhd edənlərə öz yerini göstərməyi bacarır. Azərbaycan öz müstəqilliyini, fiziki və ideoloji təhlükəsizliyini qoruyur və bundan sonra da bu istiqamətdə tədbirlər davam etdiriləcək. Azərbaycan heç vaxt bu üslubu, bu yanaşmanı qəbul etməyib və etməyəcək.

Bunu edən qardaş da olsa, bizim üçün fərqi yoxdur. Biz AKP zehniyyəti kimi “Netanyahunun dostu bizim qardaşımız ola bilməz” demirik. Lakin bizə qardaş deyənin üzərimizdə hakimiyyət qurmasına da göz yummuruq. Azərbaycan Respublikası müstəqil dövlət kimi siyasətini, yolunu öz müəyyən edir. Bu ilk gündən belə olub, bu gün də belədər, gələcəkdə də eynisi olacaq. Azərbaycan xalqı 35 il öncə Rusiya imperiyasından qurtulub, azad və müstəqil dövlət qurmayıb ki, bir qərinə sonra bir başqa dövlət imperiya xəyalı ilə yaşayıb, bizi vassalına çevirsin. Rəsmi Bakının son təzyiq və təhdidlərə verdiyi reaksiyanı təxminən belə ümumiləşdirmək olar: İmperiyanızı gedin başqa coğrafiyalarda qurun.

Məşhur mahnıda necə də doğru vurğulanır: “Bu dövrdə kimsə sultan deyil”…

turan rzayev 1 900x720 1 1

Turan Rzayev

Globalinfo.az-ın siyasət yazarı

Paylaş: