Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla telefonda danışaraq Krallığı dəstəklədiyini və Husi hücumlarını pislədiyini bəyan edib.
Globalinfo.az xəbər verir ki, Türkiyə Prezident Aparatı liderlərin söhbətindən sonra detalları açıqlayıb.
“Prezidentimiz Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla telefon danışığı apardı. Onlar regiondakı son hadisələri və Səudiyyə Ərəbistanına edilən hücumları müzakirə etdilər. Ərdoğan bildirib ki, Türkiyə Səudiyyə Ərəbistanına qarşı Husi hücumlarını ən sərt şəkildə pisləyir və insan itkisinə görə təəssüf və başsağlığı verir”, – deyə Prezident Aparatından vurğulanıb.
Ərdoğan bildirib ki, Türkiyə Səudiyyə Ərəbistanının yanında olmağa davam edəcək. O, bu çətinliyin aradan qaldırılacağına əmin olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, husilər Səudiyyə Ərəbistanındakı hədəflərə zərbələri artırıblar. Əbha Beynəlxalq Hava Limanına, Xamis Müşait bazasına, Ər-Riyaddakı Kral Xalid Hava Limanına və “Saudi Aramco” obyektlərinə hücumlar olub və nəticədə çoxsaylı insan tələfatı qeydə alınıb.
Əliyar Xəlil