Vahid məktəbli forması ilə bağlı narazılıqlarını ifadə edən bəzi şəxslərin davranışlarına baxanda təəssüflənməmək mümkün deyil. Söyüş söyən kim, qarşıdurma yaradan kim… Hicabın toxunulmazlığından, mərifət, əxlaq nümunəsi olmasından danışırıqsa, bəs niyə bu mövzuda ən ağır söyüşlərə və qarğışlara əl atırıq?
Razılaşmadığınız qərara etiraz edə bilərsiniz, ancaq sivil şəkildə. Müraciət edin, xahiş edin, istəyinizi çatdırın, izah edin ki, bu məsələdə dəstəyə ehtiyacınız var. İnsanlarla danışmağın, öz mövqeyini ifadə etməyin yolu təhqir və qarşıdurma deyil.
Söz var dağa mindirər, söz var dağdan endirər… Yəni məsələni necə həll etməyimiz çox önəmlidir. Hər şeyi dağıtmaqla, hansısa obyektə ziyan vurmaqla, qarşıdurma yaratmaqla istədiyimiz nəticəyə nail ola bilmərik. Əksinə, bu cür davranışlar irəli sürülən tələblərin mahiyyətinə kölgə salmış olur.
İstinad etdikləri İranda cəmi dörd il əvvəl qadınlar hicablarını çıxarmaq, azad yaşamaq istəyirdilər, hökumət isə qarşı çıxırdı. Həmin vaxt bütün İran ayağa qalxmışdı. O zaman Azərbaycandan da hicablı və hicabsız insanlar İranda qadınların azad yaşamaq hüququna dəstək verirdilər.
Bəs nə dəyişdi?
Əgər siz “hicaba azadlıq” sözündən sonra ağır, tükürpərdən küçə söyüşləri işlədirsinizsə, onda sizin niyyətinizi sorğulamaq lazım gəlir. Deməli, sizin üçün məsələ hicab deyil: hicabı müqəddəs dini atribut bilən biri dilinə elə küçə söyüşləri gətirməz.
Müqəddəs hesab etdiyimiz dəyərləri müdafiə ediriksə, davranışlarımız da həmin dəyərlərə uyğun olmalıdır.
Zaira Akifqızı
Globalinfo.az