Bir neçə gün öncə Globalinfo.az avtobuslarda kondisonerlərin çalışmaması ilə bağlı yazı dərc etdi. Yazı dərc olunduqdan sonra oxucular bildirdilər ki, problem yalnız kondisionerin işləməməsi deyil, əlavə marşrutların olmaması da ciddi problemlər yaradır. Sərnişinləri onu da bildirir ki, köhnə avtobuslarda oturacaqlar yararsız hala düşüb.
İstismar müddəti başa çatmış marşrut avtobuslar nə zaman yenilənəcək?
Globalinfo.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, bu gün Bakıda, xüsusən də ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən avtobuslar texniki baxımdan köhnəldiyindən müasir tələblərə və qüvvədə olan ekoloji standartlara qəti cavab vermir:
“Bu avtobuslar istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək”.
Qurumdan verilən məlumata görə, ilk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur:
“Bu məqsədlə müntəzəm və ekspres avtobus marşrutları müsabiqəyə təqdim edilib”.
Zaira Akifqızı
Globalinfo.az