Serbiya qırıcılarının Prezidentin təyyarəsini müşayiət etməsi protokoldur, yoxsa?..

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri noyabrın 23-də başa çatıb. Səfər kifayət qədər diqqətçəkən məqamlar ilə yadda qaldı.

Yadda qalan bir məqam da, şübhəsiz, Azərbaycan Prezidentinin təyyarəsini müşayiət etmək üçün Serbiya qırıcılarının səmaya qalxması idi.

Maraqlıdır, Azərbaycan Prezidentinin təyyarəsini müşayiət etmək üçün Serbiya qırıcılarının səmaya qalxması protokol qaydalarından irəli gələn bir addımdır, yoxsa bu, rəsmi Belqradın diqqətinin xüsusi nümunəsidir?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib ki, xarici ölkə prezidentinin səfəri zamanı təyyarəsini müşayiət etmək üçün mütləq qırıcılar havaya qalxmalıdır deyə bir protokol qaydası yoxdur:

“Ümumiyyətlə bu məsələ ölkədən-ölkəyə dəyişə bilər. Düzdür, standart diplomatik protokol qaydaları da var ki, buna bütün ölkələr riayət etməlidir. Lakin Serbiya hökumətinin sərgilədiyi bu davranış rəsmi Belqradın diqqətinin xüsusi nümunəsi kimi xarakterizə oluna bilər.

Ölkələr bəzən bu kimi xüsusi diplomatik jestlər edərək gələn və ya ölkəsinə qayıdan rəsmi şəxsə verdiyi qiyməti göstərməyə çalışır. Bu həm də qarşı tərəfdən bənzər jesti gözlədiyi mənasına da gəlir”.

Turan Rzayev
Globalinfo.az