İrandakı səfirliyimizin fəaliyyəti üçün maraqlı versiya – YENİ TƏKLİF

İranla Azərbaycan arasında diplomatik münasibətlərin dayandırılmasının 1 ili tamam olmaq üzrədir. Ötən il yanvarın 27-də Tehrandakı səfirliyimizə terror hücumu təşkil edildi: bir səfirlik əməkdaşı şəhid oldu, bir neçə nəfər yaralandı.

İki ölkə arasında iqtisadi, logistik sahədə əlaqələr kəsilməyib, əksinə, böyük layihələr davam edir. Sonuncu belə layihənin açılışı dekabrın 30-da olub. Astarada yeni sərhəd-keçid məntəqəsinin və körpünün açılışı baş tutdu. Həmçinin İran Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinə alternativlik iddiası ortaya qoyub.

Maraqlıdır, məlum terrorun 1 ili tamam olan ərəfədə Azərbaycanın şərtləri, tələbləri qəbul olunacaqmı? Təşkilatçılar və icraçı Bakının istədiyi formada aşkarlanıb cəzalandırılacaqmı? Bütün bunların fonunda səfirlik terroru niyə 1 ildir ciddi şəkildə araşdırılmır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Azərbaycanın tələbləri sadədir:

“Səfirliyə hücumun təşkilatçıları və onu həyata keçirənlər öz layiqli cəzalarını almalı və İran bənzər terror hadisələrinin təkrar olunmayacağına zəmanət verməlidir.

Bunun üçün terror aktının istintaqına Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşlarının da cəlb olunması istənilirdi. Amma İran nəinki istintaqın birgə aparılmasına razı olmadı, hətta hadisəni törədəni “psixi xəstə” adlandıraraq prosesə əngəl törətməyə çalışdı.

Belə olan halda Azərbaycan tərəfində terrorun məqsədyönlü şəkildə, qabaqcadan hazırlanmış və qorxutmaq məqsədilə törədilməsi fikri yarandı və bu barədə İran tərəfinə məlumat verildi. Bildirildi ki, cinayəti hazırlayan və həyata keçirənlərin kimliyindən asılı olmayaraq cəzalandırılmaması Azərbaycan səfirliyinin fəaliyyətə başlamasına mane olur. Üstəlik, İran tərəfi səfirliyin fəaliyyətə başlaması halında təhlükəsizliyin təmin olunmasını da üzərinə götürə bilmir. Əksinə Azərbaycanı hədələyir ki, səfirlikdəkı olay üzərində bu qədər dayanmaq bənzər hadisələrin gələcəkdə təkrar olunmasına şərait yarada bilər”.

Politoloq deyib ki, belə olan halda Azərbaycan diplomatik korpusun fəaliyyətini bərpa etməyə tələsmir və hətta səfirliyimizin Tehranda fəaliyyət göstərməsi indiki şəraitdə məqsədəuyğun deyil:

“Bu səfirliyin fəaliyyətini Ankara vasitəsilə həyata keçirmək daha faydalı olar. Çünki İranın bizim səfirliyin fəaliyyətini məhdudlaşdırmaq üçün hansı əngəllər törətdiyi yaxşı məlumdur. Orada səfirliyimizə girən hər bir İran vətəndaşına, o cümlədən bizim həmyerlilərimizə Azərbaycan və İsrail “casusu” kimi baxılır və onlar səfirlikdən çıxan kimi həbsxanaya atılırlar. Azərbaycan səfirliyinə girdiklərinə görə bu gün onlarla həmyerlimiz İran həbsxanalarında əziyyət çəkir.

Amma səfirlik Ankara və İstanbulda öz fəaliyyətini həyata keçirərsə bu həm bizim diplomatik korpusun nümayəndələrinin təhlükəsizliyi, həm də həmyerlilərimizin gəlib-getməsi üçün daha faydalı olardı.

Diplomatik münasibətlərin kəsilməsinə gəlincə, Tehrandakı səfirliyimizin fəaliyyətinin dayandırılması heç də bu əlaqələrin kəsilməsi anlamına gəlməməlidir. Bildiyimiz kimi, İranın Bakıdakı səfirliyi öz fəaliyyətin həmişə olduğundan daha “yüksək” səviyyədə həyata keçirir. Bu da Azərbaycanın münasibətləri tam kəsməmək barədə qərar qəbul etdiyinə işarədir. Azərbaycan bildirmək istəyir ki, biz qonşu dövlət kimi İranla normal münasibətlərin qurulmasında maraqlıyıq. Tehrandakı səfirliyimizin fəaliyyətini dayandırması həqiqətən terror hadisəsi və onun arxasında İrandakı ən güclü qüvvələrin dayanması ilə bağlıdır”.

Ə.İbrahimov hesab edir ki, Azərbaycan səfirliyinin terror hadisəsi və təhlükəsinə görə bağlı qalması İran üçün çox ciddi siyasi ləkədir:

“Buna görə İran bir tərəfdən səfirliyimizin fəaliyyətə başlamasına çalışır, digər tərəfdən bunun üçün lazım olan fəaliyyəti həyata keçirməkdən imtina edir. İranda başa düşürlər ki, Azərbaycan səfirliyi sonsuza qədər bağlı qala bilməz. Günlərin birində Tehrandakı səfirliyin bağlı qalmasını əsas götürən Azərbaycan tərəfi Bakıdakı İran səfirliyinin də bağlamasını tələb edə bilər.

Əlimusa İbrahimov

Münasibətlərimiz müxtəlif sahələr üzrə davam edir. Bəzən İranla bizim aramızda situativ yaxınlaşmalar olur. Amma bu heç də İranın Azərbaycanı qəbul etməyə hazırlaşması anlamına gəlməməlidir. İran indiki hakimiyyətin mövcud olduğu müddətdə Azərbaycanı heç vaxt özünə dost və yaxın qonşu hesab etməyəcək. Ermənistanın siyasi kursuna uyğun olaraq onu cəzalandırmaq üçün bəzən Azərbaycanla yaxınlaşmalar ola bilər. Amma bu yaxınlaşmalar strateji deyil, taktiki səciyyə daşıyacaq və müəyyən müddətdən sonra yenə köhnə qaydada davam edəcək”.

Turan Rzayev
Globalinfo.az