Fidan-Blinken bəyanatında Bakı detalı – “Yaxın günlərdə bilinəcək”

“Türkiyə xarici işlər naziri Hakan Fidanın Amerika Birləşmiş Ştatlarında Entoni Blinkenlə görüşünü ikitərəfli münasibətlərdə dönüş nöqtəsi hesab etmək olar”.

Bu özləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, son aylara qədər məlum olduğu kimi iki ölkə arasındakı münasibətlər heç də istənilən səviyyədə deyildi və vəziyyətin gələcək illərdə daha da soyuyacağı barədə proqnozlar da verilirdi:

“Amma həm Türkiyə, həm də ABŞ həqiqətən dünya siyasətinin aparıcı dövlətləri olduqlarını bir daha sübut edərək əlaqələrin getdikcə daha da pisləşməsinin qarşısını ala və yeni münasibətlər sisteminə başlaya bildilər.

Fidanın ABŞ-da keçirdiyi görüşlər bir daha sübut etdi ki, həqiqətən Ankara və Vaşinqton bir-biri ilə qırılmaz tellərlə bağlıdır. Həm region, həm də qlobal səviyyədə hadisələrin idarə olunmasında bir-birinə ciddi ehtiyacları var. Təbii ki, iki ölkə arasında münasibətlərin birdən-birə inkişaf edərək yüksək mərhələyə çatacağını gözləmək sadəlövhlük olardı. Bunun üçün uzun zaman və gərgin diplomatik əmək tələb olunur. Amma ümidverən odur ki, müsbət dəyişikliklər artıq baş verməkdədir və qarşıda həyata keçirilməsi gözlənən tədbirlər Türkiyə və ABŞ-ı daha da yaxınlaşdıracaq”.

Ekspert deyib ki, bu iki dövlətin regionumuz üçün də böyük əhəmiyyəti var:

“Müzakirə masasında Cənubi Qafqazın da yer tutması və hər iki diplomatın bəyanatında bu mövzunun səsləndirilməsi dediyimizin sübutudur. Düşünürəm ki, Vaşinqtondakı görüş və müzakirələrdən sonra Azərbaycan region daxilində yeritdiyi siyasətdə daha inamlı addımlar atacaq və Fransa kimi destruktiv qüvvələrin burada gedən proseslərə müdaxiləsnin qarşısı alınacaq.

ABŞ-ın Türkiyəni Cənubi Qafqazda aparıcı dövlət və söz sahibi kimi görmək istəməsini də bu bəyanatların sətiraltısı hesab etmək olar. Türkiyənin Cənubi Qafqazdakı siyasətinə ABŞ-ın “yaşıl işıq” yandırması həm Ermənistanı öz iddialarından əl çəkməyə məcbur edəcək, həm də Fransanın iştahını donduracaq. Düşünürəm ki, Türkiyə-ABŞ yaxınlaşmasının regionumuz, xüsusən Azərbaycan üçün müsbət əhəmiyyətini yaxın günlərdə hiss edəcəyik”.

Turan Rzayev
Globalinfo.az