iran sefirlik terakt

“Azərbaycan səfirliyinə qarşı təşkil edilən hücumun istintaq prosesi gedir. İran tərəfi Azərbaycan müstəntiqlərini istintaqa yaxın buraxmaq istəmir və bunun səbəbi məlumdur”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, hadisənin baş vermə vaxtı və trayektoriyası onun İran xüsusi xidmət orqanları tərəfindən hazırlandığını göstərir:

“Azərbaycan tərəfi bu hücumu öncədən planlaşdırılmış və İran xüsusi xidmət orqanları tərəfindən hazırlanmış hücum kimi dəyərləndirilir. İran tərəfi isə teraktı gah məişət hadisəsi kimi təqdim edir, gah da terroru törədənin psixi xəstə olduğu versiyalarını irəli sürür. Amma hadisənin baş vermə vaxtı və trayektoriyası onun İran xüsusi xidmət orqanları tərəfindən hazırlandığını göstərir. Bu hücum Azərbaycanın regionda baş verən proseslərdə önə çıxmasına və özünə uyğun bildiyi ölkələrlə ikitərəfli münasibətlər saxlamasına qarşı zərbə vurmaq üçün məqsədyönlü şəkildə həyata keçirilib.
Səfirliyin fəaliyyətinin bərpa olunması isə istintaqın nəticələrindən asılı olacaq. Bildiyim qədər, İran tərəfi Azərbaycan tərəfini şantaj edib ki, bunun üzərinə çox gedilsə, oxşar hadisələr təkrarlana bilər. Və bu da Azərbaycan diplomatlarına qarşı bir təhlükə kimi qiymətləndirilib və səfirliyin fəaliyyəti dayandırılıb”.

maxresdefault 2

Əlimusa İbrahimov

Ekspert əlavə edib ki, İranın hazırkı rejimi istənilən ölkə səfirliyinə təhlükəsizlik zəmanəti vermək iqtidarında deyil:

“İranda dörd-beş hakimiyyət mərkəzləri var ki, ölkəni istədikləri kimi idarə edirlər. Belə şəraitdə orada səfirliyin fəaliyyət göstərməsi təhlükəsiz deyil. Hesab edirəm ki, İranda rejim dəyişikliyi olmayınca, sabit, millətin mənafeyinə xidmət edən qonşu ölkələrlə münasibəti yüksək səviyyədə saxlayan bir hakimiyyət qurulmayınca, Azərbaycan tərəfi Tehranda səfirliyini açmayacaq. Ola bilsin ki, Azərbaycan qonşu ölkələrdə olan bir səfirlik, diplomatik missiya vasitəsilə səfirliyin fəaliyyətini bərpa edər”.

O qeyd edib ki, İran rejimi tərəfindən güc və zor tətbiq etməklə dayandırılan etirazların çox keçmədən yeni qüvvə ilə başlayacağı gözləniləndir:

“İranın iqtisadiyyatı bu gün olduqca ağır günlərini yaşayır. İran iqtidarının bu vəziyyətə uzun müddət davam gətirməyəcəyi aydındır. Növbəti etirazlar İranın sonunu gətirib çıxaracaq”.

Ə.İbrahimov qeyd edib ki, İran beynəlxalq aləmdə təklənməkdə davam edir:

“İran sanki həm qonşuları, həm də dünya dövlətləri ilə münasibətləri yaratmaq fikrində deyil. Bu da İrana qarşı təzyiqlərin artması ilə nəticələnəcək. İran yenə də dünya dövlətlərinin onun qarşısına qoyduğu tələblərə adekvat cavab verməkdən çəkinir, özünün xilası üçün yollar axtarır. Buna İran Prezidenti İbrahim Rəisinin Çinə səfərini misal göstərmək olar. İran Çinlə münasibətlərə xilas kəməri kimi baxır. Hesab edir ki, bu səfərdən sonra vəziyyətdən çıxış yolu tapacaq, amma bunun belə olacağını düşünmürəm. Çünki İranın düşdüyü bataqlıq elə bir vəziyyətdədir ki, heç Çin kimi nəhəng də onu xilas edə bilməyəcək. Çinin edə biləcəyi ancaq boğulmaqda olan İranın ömrünü bir qədər də uzatmaq ola bilər. Amma İranı xalqın özü ayağa qaldıracaq”.

Gülnar Səlimova
Globalinfo.az

Paylaş: