Salyanda orta əsrlərə aid məişət əşyaları tapıldı

Salyan rayonunda orta əsrlərə aid divar qalığı və məişət əşyaları tapılıb.

Globalinfo.az xəbər verir ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən rayonda qeydə alınmış abidələrin monitorinqi aparılıb.

Bu zaman qədim yaşayış məskəni olan Qırxçıraq kəndində divar qalığı aşkar edilib.

İnstitutun “Arxeoloji abidələrin toplusu” şöbəsinin müdiri Mikayıl Mustafayevin sözlərinə görə, Qırxçıraq ərazisində divar qalığı ilə yanaşı, şirli-şirsiz saxsı qablar, müxtəlif ölçülü çıraqlar və digər maddi-mədəniyyət nümunələri də aşkar olunub.

Bu ərazinin tarixinin isə XII-XVI əsrlərə aid olduğu bildirilib.