Salyan rayonunda “Ford Transit” markalı sərnişindaşıyan mikroavtobus “Mersedes” markalı avtomobillə toqquşub.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində Neftçala rayon sakini, 1957-ci il təvəllüdlü Həsənov Etibar Ağamməd oğlu, Salyan rayon sakinləri, 1969-cu il təvəllüdlü Veysəlova Xoşqədəm Əli qızı, 2006-cı il təvəllüdlü Veysəlova Gülşən Tehran qızı, 1992-ci il təvəllüdlü Bağırov Əlihüseyn Qədəmşah oğlu və 1995-ci il təvəllüdlü Əkbərov Adil Fəxrəddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Salyan Rayon Mərkəzi Xəstəxanasından “Report”un Aran bürosuna bildirilib ki, 3-ü kişi, 2-si qadın olmaqla 5 nəfər saat 16:00 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir”.
Faktla bağlı araşdırma aparılır.