Qəbələ Radiolokasiya Stansiyası (RLS) illər sonra yenidən beynəlxalq müzakirələrin mərkəzinə qayıdıb. Dünyada raketdən müdafiə sistemləri, erkən xəbərdarlıq imkanları və hərbi kəşfiyyat infrastrukturu uğrunda rəqabətin gücləndiyi bir zamanda, Azərbaycanın vaxtilə nəzarətinə keçən bu strateji obyektin taleyi yenidən suallar doğurur.
Rusiya hərbçilərinin stansiyanı tərk etməsindən sonra Bakı niyə Qəbələ RLS-in texniki və geosiyasi potensialından istifadə etmədi? Azərbaycan bu obyekt vasitəsilə əldə edilə biləcək məlumatları öz milli təhlükəsizlik strategiyasının bir hissəsinə çevirə, yaxud onları beynəlxalq tərəfdaşlarla əməkdaşlıq alətinə çevirərək geosiyasi çəkisini artıra bilərdimi?
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, Qəbələ Radiolokasiya Stansiyası, əslində çox böyük strateji obyekt idi.
“1985-ci ildən 2012-ci ilədək fəaliyyətdə olub. Əvvəlcə SSRİ-yə, daha sonra isə Rusiyaya xidmət edib. Hind okeanından Sakit okeanına qədər böyük ərazilər barədə məlumatların toplanması üçün geniş imkanlar yaradıb. 2012-ci ildə RLS bağlandı və Rusiya hərbçiləri ərazidən çıxarıldı.
Azərbaycan Rusiyadan icarə haqqını 4 dəfə artıraraq illik təxminən 300 milyon dollar tələb edirdi. Amma Rusiya bununla razılaşmadı. Rusiya artıq 30 il fəaliyyətdə olan, yeni dövrün standartlarına cavab verməyən bu RLS-i icarəyə götürmək istəmirdi. Stansiya kifayət qədər köhnəlmişdi. Yeni dövrün standartlarına uyğun sistemlər var idi.
Rusiya RLS-in təmirinə və modernləşdirilməsinə vəsait xərcləmək istəmədi, daha sonra da icarə haqqına görə ondan imtina etdi. Üstəlik, Kreml bunun Azərbaycana müəyyən üstünlüklər qazandıracağını bildiyi üçün də buna getmədi.
Xəyal Bəşirov
Qəbələ RLS-dən sonra Krasnodarda “Voronej” adlı sistem qurdular. Həm də bu sistem Qəbələ RLS-dən daha təkmil və yeni idi. Qəbələdəki bina isə artıq çox köhnə idi. O ki qaldı digər ölkələrə icarəyə verilməsi məsələsinə, qeyd etdiyim kimi, RLS köhnəlmişdi və yenilənmə Bakının maraqlarına uyğun deyildi. Yəni biz istəsəydik, onu yeniləyə bilərdik, amma buna ehtiyac görülmədi”.
Turan Rzayev
Globalinfo.az