
Xəbər verdiyimiz kimi, Madriddəki Pons Fondunda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılış mərasimi olub.
Globalinfo.az xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, İspaniyada akkreditə olunmuş diplomatik korpusun üzvləri, incəsənət nümayəndələri və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın ideya müəllifliyi ilə reallaşan MAMA “Ana Təbiət” beynəlxalq incəsənət sərgisi müxtəlif ölkələri və mədəniyyətləri təmsil edən rəssamları bir araya gətirərək insanlarla təbiət arasındakı əlaqənin, eləcə də ətraf mühitin qorunmasının vacibliyini diqqətə çatdırır.
Leyla Əliyeva çıxışında MAMA “Ana təbiət” beynəlxalq layihəsinin əhəmiyyətindən danışıb. Bu sərginin ilk dəfə COP29 çərçivəsində Bakıda nümayiş etdirildiyini xatırladan Leyla Əliyeva deyib ki, ekspozisiya daha sonra dünyanın müxtəlif ölkələrində təşkil olunaraq təbiət, ətraf mühit və ümumi gələcəyimizlə bağlı mühüm mesajı özündə daşıyıb.
“Bu sərgi ilk dəfə COP29 çərçivəsində Bakıda nümayiş etdirilib. Daha sonra dünyanın müxtəlif ölkələrinə səyahət edərək təbiət, ətraf-mühitlə bağlı mühüm mesajı özündə daşıyıb. O, bizə torpaq, su və hava bəxş edir. Lakin bütün bunlara baxmayaraq, insanlar təbiətin bəxş etdiyi bu nemətlərə zərər verməkdə davam edir. Bu sərgi daha yaxşı gələcəyə doğru atılan növbəti addımdır”, – deyə Fondun vitse-prezidenti əlavə edib.
Qeyd edək ki, sərgi sentyabrın 9-dan 18-dək ziyarətçilər üçün açıq olacaq.