AZAL təyyarəsinin 2024-cü ilin dekabrında baş verən qəzası ilə bağlı məsələnin ədalətli nizamlanması Azərbaycan və Rusiyanın bir-biri ilə münasibətləri yüksək qiymətləndirməsinin və ikitərəfli əməkdaşlığı müttəfiqlik qarşılıqlı fəaliyyəti əsasında bundan sonra da inkişaf etdirməyə can atmasının daha bir sübutu olub.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev “Lenta.Ru”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, AZAL təyyarəsinin qəzası ilə bağlı bütün məsələlər, kompensasiyaların ödənilməsi də daxil olmaqla, Azərbaycan və Rusiya prezidentlərinin ötən il oktyabrın 9-da Düşənbədəki görüşü zamanı əldə etdikləri razılaşmalara uyğun olaraq bu ilin aprelində tamamilə həll olunub.
“Biz ikitərəfli münasibətlərimizdəki bu kədərli səhifənin bağlandığından çıxış edirik və münasibətlərin normallaşması prosesini fəal şəkildə dəstəkləyirik. Bu məsələnin ədalətli həlli Bakı və Moskvanın bir-biri ilə münasibətləri yüksək qiymətləndirdiyinin və ikitərəfli əməkdaşlığı müttəfiqlik qarşılıqlı fəaliyyəti əsasında bundan sonra da inkişaf etdirməyə çalışdığının daha bir sübutu oldu”, – səfir bildirib.
Bu kontekstdə R.Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasındakı münasibətlərin yalnız ikitərəfli formatda deyil, həm də daha geniş coğrafiya üçün vacib olması barədə mühüm tezisini qeyd edib.