Rusiyanın hücumuna hazırlıq – Polşa nüvə silahı istəyir: ABŞ razı olacaq?

“Politico” nəşri yazır ki, Polşa ABŞ Avropanı qorumayacağı təqdirdə nüvə silahı əldə etmək barədə düşünəcək. Rusiya-NATO gərginliyi fonunda bu iddia diqqət çəkir.

Polşanın nüvə silahı əldə etməsi nə dərəcədə mümkün görünür? Rəsmi Varşavanı belə bir addım atmağa vadar edən səbəb nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Polşa NATO-ya üzv dövlətdir:

“Polşa hərbi sənayesində və iqtisadiyyatında NATO-nun təsiri olduqca güclüdür. Bu baxımdan düşünmürəm ki, Polşa nüvə silahı əldə etmək barədə düşünsün.

Ümumiyyətlə, ABŞ belə buna razı olmayacaq. Sadəcə hazırda Polşada hakimiyyətdə olan Donald Tusk hökuməti qatı avromeyilli olduğu və Avropanın təhlükəsizliyini seçkiqabağı özünün əsas prioriteti elan etdiyi üçün ABŞ-ı Avropanın təhlükəsizliyinə məsul tutmaq istəyir.

Zeynal Əmrəliyev

Tusk Polşada yenidən baş nazirliyə gəlməmişdən əvvəl Avropa İttifaqının prezidenti olub. Tuskun hazırda missiyası öz ölkəsinin Avropa liderliyini təmin etmək və Polşanın Avropada əsas söz sahibi olduğunu göstərməkdir. Ümumiyyətlə, zaman-zaman avropalı siyasətçilər arasında bu cür fikirlər yaranır və bununla bağlı ABŞ-la Avropa arasında fikir ayrılığı yaranır. Avropalı siyasətçilər elə hesab edirlər ki, ABŞ Avropanın təhlükəsizliyinə cavabdehdir və buna görə məsuliyyət daşıyır”.

Politoloq deyib ki, Polşa da hazırda bu yolla getməyə çalışır:

“Bunun sadəcə Tuskun polyakları sakitləşdirmək üçün verdiyi açıqlama olduğunu da düşünürəm. Çünki Polşada və digər Şərqi Avropa ölkələrində elə düşünürlər ki, Rusiya Ukraynanın ardından Avropanın şərqinə hücum edəcək. Əsas hədəf kimi də həmişə Polşa göstərilir.

Reç Pospilatanın (Polşa-Litva birləşmiş krallığı) zamanından Polşa ilə Rusiyanın münasibətləri gərgindir. Bu gərginlik uzun tarixə dayanır. Xüsusilə Ukrayna məsələsi ilə bağlı tərəflər arasında qədimdən ciddi gərginliklər olub və bu, davam edir. Yekun olaraq düşünürəm ki, Polşa bu yolla getmək istəsə belə, ABŞ-ın etirazı ilə qarşılaşacaq. Xüsusilə ABŞ-da Donald Tramp yenidən hakimiyyətə gəlsə qəti şəkildə Polşanın nüvə silahı əldə etməsinə imkan verməyəcək”.

Turan Rzayev
Globalinfo.az