Rusiya sülhməramlıları Qarabağdan çıxa bilər: ermənilər vahimədə

Ermənistan-Azərbaycan münaqişəsi tarixinin ən kritik mərhələsinə qədəm qoyub. Xüsusilə son günlər istər regionda, istərsə də geosiyasi müstəvidə aktivləşən diplomatik təmaslar onu deməyə əsas verir ki, böyük sülh sazişinin hazırlanması prosesi gedir.

Diqqətçəkən məqam isə bu proses fonunda Qərb və Rusiya arasında rəqabətin də pik həddə çatmasıdır. Qərbin Ermənistanı Rusiya təsirindən çıxarıb öz təsirinə salması cəhdlərinə cavab olaraq rəsmi Moskva da Cənubi Qafqazda Qərbin təsirini azaltmaq üçün Azərbaycanın yanında yer almağa çalışır.

Maraqlıdır, Qərb-Rusiya qarşıdurması fonunda rəsmi Bakı Qarabağı tam olaraq qazana bilərmi? Mövcud reallıqlar fonunda Ermənistan ilə Azərbaycan arasında sülh sazişi necə  imzalanacaq?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Qabil Hüseynli deyib ki, Qərb-Rusiya qarşıdurması Azərbaycana sərf edir:

“Azərbaycan Ermənistandan fərqli olaraq regionda azad xarici siyasət yürüdə bilir. Bakı öz maraqları çərçivəsində yeri gəldikdə Qərb ilə, yeri gəldikdə isə Rusiya ilə siyasi danışıqlara gedə bilir.

Azərbaycanın geosiyasi mövqeyi, zəngin enerji resursları, Qərbə qarşı əlimizi gücləndirən başlıca arqumentdir. Rusiya isə hazırda Ermənistanın sərgilədiyi antirusiya mövqeyinə görə Bakı ilə münasibətləri daha da yaxşılaşdırmaq məcburiyyətindədir.

Prosesləri yaxşı anlamaq üçün böyük tablonu görmək lazımdır. Ermənistandan fərqli olaraq Azərbaycanın siyasi xətti bəllidir. Milli maraqlarımız naminə yürütdüyümüz balans siyasəti yeri gəldikdə dəyişə bilir. Misal üçün bir müddət öncə Rusiya ilə münasibətlərin gərginləşdiyinin şahidi olduq. Bakı yeri gəldikdə Qərbə də öz sözünü deyir. Lakin biz heç bir vaxt tərəflərdən birini digərindən radikal formada dəstəkləmirik. Çünki sağlam diplomatiya və uzaqgörən siyasət bunu tələb edir.

Ermənistan isə faktiki olaraq reallıqları nəzərə almadan Rusiyaya üz çevirib Qərbdəki siyasi çevrələrlə yaxınlaşır. Bu vəziyyət bütün hallarda bizim maraqlarımıza uyğundur”.

Politoloq qeyd edib ki, bu gün  Rusiyanın Azərbaycana heç olmadığı qədər ehtiyacı var:

“Ermənistanın Qərbə inteqrasiya prosesi Kremlin bu ölkədəki maraqlarına və təsir imkanlarına ciddi təhlükə yaradır. Böyük ölçüdə Qərbdən təlimat alan Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlara Rusiyanın iştirakını qəbul etmir. Aydın məsələdir ki, bu onun yox, qərbli ağalarının istəyidir.

Belə olan vəziyyətdə Rusiya da boş durmur və Bakı ilə təmasları intensivləşdirir. Lavrovun Bakıya səfərini də əslində bu kontekstdə dəyərləndirmək olar. Kreml Ermənistandan fərqli olaraq Bakının daha ağıllı siyasət apardığını bilir.

Azərbaycan mövcud vəziyyət qarşısında Ermənistanın danışıqları və sülh müqaviləsini uzatmaq cəhdinə qarşı Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə antiterror əməliyyatı keçirə bilər. Hətta sülhməramlılar vaxtından tez Qarabağı tərk edə bilər.

Bu perspektiv Ermənistanı ciddi qorxuya salır. Çünki sülhməramlıların bölgədən çıxması Bakının hər an antiterror əməliyyatı keçirməsi ilə nəticələnə bilər.

Bununla belə Azərbaycan Brüssel formatına qayıtmaqda maraqlıdır. Lakin o şərtlə ki, Fransa proseslərdə bu və ya başqa formada tərəf olmamalıdır”.

Turan Rzayev
Globalfino.az