“Moldova Avropa İttifaqına qatılmaq istəyir, lakin keçirilən referendum bununla bağlı deyildi”.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Turab Rzayev Moldovada prezident seçkiləri və Avropa İttifaqına üzvlüyə dair Konstitusiya referendumu ilə bağlı keçirilən səsverməni şərh edərkən deyib.
Onun sözlərinə görə, referendum moldovalıların Aİ-yə qatılmaq istəyini müəyyən etmək üçün keçirilib:
“Aİ hazırda Moldovaya hər hansısa bir üzvlük təqdim etmir. Bu məsələ Brüsseldə heç müzakirə belə edilmir. Aİ sadəcə Kişinyovla əməkdaşlıq etməkdə maraqlıdır və təklifi də bu yöndədir.
Seçkilər ilə Moldova Aİ yolunda qərarlı olduğunu bəyan edir və xalqı da buna hazırladığını Qərbə göstərir. Lakin gözlənilən olmadı. Seçki bir çox baxımdan diqqət çəkdi.
Maya Sandu hökuməti gözlədiyi kimi xalqın Qərbə inteqrasiyaya isti baxmadığını gördü. Düzdür, Sandu hakimiyyəti qələbə qazandı, amma gözləntilər daha çox idi. Yəni ən azından əhalinin 70 faizinin Aİ-yə inteqrasiyada maraqlı olduğu zənn edilirdi. Misal üçün deyim ki, bənzər referendumlar illər öncə Gürcüstan və Ukraynada keçirilmişdi. Nəticədə xalq Aİ-ni seçmişdi. Sandu moldovalıların da belə edəcəyini düşünürdü”.
Turab Rzayev
Ekspert deyib ki, Rusiya referendum ilə bağlı Kişinyova sərt reaksiya verib:
“Aydın məsələdir ki, Rusiya səs verməyə isti baxmayacaqdı. Kreml Moldovanı da Qərbə uduzmaq istəmir. Buna görə səsvermədən sonra Sandu hakimiyyətini səsverməni saxtalaşdırmaqda ittiham etdi. Eyni zamanda ruspərəst qüvvələr son günlər aktivdirlər.
Maraqlıdır ki, Sandu rejimi də nəticənin arzuedilməz olmasını Rusiya ilə əlaqələndirir. Hətta iddia edilir ki, Rusiya kəndlərdə, qəsəbələrdə yaşayan sadə moldovalıları pul ilə ələ alıb.
İstənilən halda Sandu hakimiyyəti Aİ-yə inteqrasiya ilə bağlı bir addım atdı. Amma bu cəhd qələbə ilə nəticələnsə də uğurlu sayıla bilməz. Əksinə, Rusiya Kişinyovun nə etdiyini artıq bilir və Sandu hakimiyyətinə qarşı təzyiqlər bundan sonra artacaq”.
Turan Rzayev
Globalinfo.az