Rusiya həlledici döyüşə başladı: Putin Ermənistanı qarışdırmaq üçün hərəkətə keçdi, Paşinyanın cavabı…

 

Ermənistan baş naziri Nikol Paşinyanın yanvarın 10-da keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər böyük rezonansa səbəb olub. Bu isə öz növbəsində Ermənistan daxilində onsuz da gərgin olan vəziyyəti bir qədər də çətinləşdirib. Diqqət çəkən məqam erməni baş nazirin Bakıdan çox yenidən Rusiyanı hədəf seçməsi idi. Əslində Nikolun belə həmlə edəcəyi keçən ilin sonlarından gözlənilirdi. Məhz 2022-ci ildə Paşinyan Moskvaya qarşı fəaliyyətini maksimum həddə çatdırmışdı ki, Laçın yolundakı hadisələr onun Rusiya əleyhinə ritorikasını gücləndirməyə imkan yaratmışdı.

Bununla belə Paşinyanın son mətbuat konfransındakı fikirlərinin təməlinə diqqət yetirsək, onun dekabrın əvvəllərindən İrəvanın Rusiyaya qarşı sərgilədiyi mövqenin pik həddi olduğunu söyləmək olar. Bu da həmçinin Paşinyanın Rusiyaya qarşı apardığı oyunun, o cümlədən keçən ilin sonlarında Qərbdən olan müxtəlif simalarla həyata keçirdiyi diplomatik trafikin mahiyyətini dərk etməyə yardımçı olur. İrəvanda da yaxşı başa düşürlər ki, son proseslər fonunda yaranan situasiya heç də Ermənistanın maraqlarına xidmət etmir. Yəni Moskvanın Ukrayna cəbhəsində düşdüyü vəziyyət, həmçinin Qərb tərəfindən blokadaya alınması, onu da yavaş-yavaş ağır vəziyyətə salır. Ona görə də Kremlin yanında yer alacağı halda onunla birgə uçuruma gedəcəyini dərk edən Ermənistan özü üçün yeni perspektiv qurmağa çalışır ki, orada da Rusiyaya əvvəlkindən daha az yer verməyi arzulayır. Məhz İrəvanın bu planı onun bölgəyə baxışını dəyişməyə məcbur edir. Yəni Rusiyanın boşalacaq yerini Ermənistan mütləq şəkildə doldurmalıdır ki, bunun da Qərb ölkələri vasitəsilə təmin edilməsi arzu edilir. Lakin Paşinyanın indiki halda bu məqsədə çatacağı və ya Qərbin bu yeri doldurmaqda həvəsli olacağı hələlik şübhəli olaraq qalır.

Paşinyanın mətbuat konfransı etiraza səbəb oldu » SenzoR.az

Digər tərəfdən isə Paşinyanın Rusiya ilə bilərəkdən uzaqlaşması həm də onun şəxsi motivləri ilə bağlıdır. Xüsusilə II Qarabağ savaşından sonrakı dönəmdə hakimiyyətini saxlamağı özü üçün prioritet seçən Ermənistan baş naziri bu işdə ona ən böyük təhdidin məhz Rusiya olduğunu da bilir. Ona görə də Qarabağda yaranmış son böhranı özü üçün fürsət bilən Paşinyan Kremlə qarşı fəaliyyətini də şiddələndirir və bu təhdidi sürətlə sıradan çıxarmağı hədəfləyir. Əslində Nikolun Moskvaya qarşı fəaliyyətini artıracağı ilin ilk günlərindən gözlənilirdi. Özəlliklə Ermənistan lideri, eləcə də parlamentin spikeri Alen Simonyanın yeni ildə xalqa müraciətində də buna müəyyən eyhamlar edilirdi. Paşinyanın nitqində xüsusilə iki məqam diqqət çəkirdi ki, bunlardan biri Ermənistanın dostlarının olmaması, yeni reallığa uyğunlaşması, digəri isə ermənilərin əvvəlki ənənələrindən əl çəkməsi tezisi idi. Buna görədir ki, Ermənistan liderinin çıxışında məşhur erməni şairləri Yegişe Çarenç və Ovanes Tumanyana yer ayrılırdı. Bu məqam təsadüfi sayıla bilməz. Çünki məhz Yegişe Çarenç Ermənistanda daşnak hakimiyyətinə qarşı mübarizə aparanlardan biri olmaqla bərabər, ermənilərin ənənəvi streotiplərini tənqid edən əsas simalar sırasında yer alıb. Ovanes Tumanyana gəlincə isə məhz bu şəxsiyyət uzun illər Ermənistanla Azərbaycan arasında aparılan xalq diplomatiyası prosesində hər iki tərəfin istinad etdiyi mühüm açar isimlərdən olub. Bu işdə xüsusilə Tumanyanın 1904-1905-ci illərdə Rusiya imperiyasının alovlandırdığı erməni-azərbaycanlı davasına qarşı çıxması da önəmli rol oynayıb. Məhz bu amillər Paşinyanın həm də dolayısı yolla niyə bu iki şəxsə istinad etdiyini anlamağa köməkçi olur. Bu isə öz növbəsində Ermənistan iqtidarının cari il ərzində Rusiya ilə bağlı mühüm dəyişikliklər edəcəyinin, o cümlədən Bakı ilə münasibətlər məsələsində irəliləyişlər etməyə cəhd göstərəcəyinin işarəsi sayıla bilər.

İrəvanın manipulyasiyası: Sülhə hazırlıq?

Əslində Paşinyanın çıxışından həm də İrəvanın öz gələcək planlarını Bakının qurduğu siyasət üzərindən koordinasiya etməsini görmək mümkündür. Bu da özlüyündə mühüm məqamdır. Belə ki, İrəvan bununla təkcə bölgənin gələcəyinin kimlə bağlı olduğunu anlamış olmur, digər tərəfdən Bakının qurduğu siyasətə bənzər addımlar atmaqla həm də Qafqazda yeni nizamın qurulmasına yardım etmiş olur. Bu baxımdan Ermənistan baş nazirinin Rusiya əleyhinə səsləndirdiyi ifadələr və ümumiyyətlə Moskvaya bağlı baxışları bütün hallarda Azərbaycanın maraqlarına xidmət edir.

Yuxarıda qeyd edildiyi kimi, Paşinyan üçün indiki məqamda əsas prioritet hakimiyyətini qorumaqdır. Moskvanın Qarabağda vəziyyətinin çətinləşməsi ona Ermənistan daxilində dayaqlarını tam olaraq gücləndirməyə xidmət edir. Bu məsələ həm də Paşinyanın Rusiyanı günah keçisi olaraq göstərməyinə və özünə qarşı II Qarabağ müharibəsindən sonra səsləndirilən bütün iddiaları ortadan qaldırmağa kömək edir. Bu isə öz növbəsində İrəvanın son iki ildə Azərbaycanla münasibətlər məsələsində Ermənistanın ölkə daxilində təbliğatını gücləndirməsi üçün mühüm əsaslar yaradır ki, bundan da Paşinyan maksimum yararlanmaq niyyətindədir. Paşinyanın son mətbuat konfransında “Rusiya bizim üçün təhdidə çevrilir” fikrini də məhz bu kontekstdə dəyərləndirmək doğru olardı. Paşinyanın Rusiyadan uzaqlaşması öz növbəsində Ermənistanın son 30 ildə yürütdüyü xarici siyasətin mahiyyətinin dəyişəcəyi ehtimallarını da gücləndirir. Bu isə Rusiyanın ermənilər üçün formalaşdırdığı ideoloji əsasların da sıradan çıxması deməkdir ki, bu sahədə də böhran artıq müşahidə edilməyə başlayır. Ona görə mətbuat konfransında çıxış edən Paşinyan “Ermənistan bundan sonra Moskva ilə münasibətlərini hansı əsasda qurmalıdır?” sualını verməklə həm də ermənilərin streotiplərini qırmaq məsələsində (Con Boltonun 2018-ci ildə belə tələblə İrəvanda çıxış etmişdi – red.) maraqlı olduğunu nümayiş etdirir.

Ermənilərin ideoloji dayaqlarının sarsılması isə öz növbəsində Bakı ilə münasibətlər məsələsinə mütləq şəkildə təsir göstərəcək. Məhz bu baxımdan təsadüfi deyil ki, mətbuat konfransından dərhal sonra Paşinyanın tabeliyindəki media bilərəkdən Bakının gücünü həddən artıq şişirtməyə və Ermənistanın çarəsiz vəziyyətdə qalmasını təbliğ etməyə başlayıb. Görünən odur ki, Ermənistan iqtidarı bu həmlə ilə həm də ictimaiyyətin manipulyasiyasını həyata keçirərək, dolayısı yolla İrəvanın Bakı ilə barışmaqdan və ya ən azından Qarabağdan imtina etməkdən başqa çarəsinin qalmadığını nümayiş etdirməyə çalışır. Əgər İlham Əliyevin də 2023-cü ilin sülh üçün son olacağı açıqlamasını nəzərə alarsaq, o zaman İrəvanın özünü gözləyən təhdiddən xəbərdar olduğunu və II Qarabağ savaşına bənzər situasiya ilə yenidən üz-üzə qalmaq niyyətində olmadığını demək olar. Görünür, İrəvan həm də ABŞ-nin vasitəsilə baş tutması gözlənilən görüşü gözləyir və bu görüşə əvvəlki dönəmlərdən daha hazırlıqlı getməyi planlaşdırır. Bu isə cari ildə sülh müqaviləsi olmasa belə mühüm irəliləyişlərin yaşanacağı ehtimallarını artırır.

Savaş böyüyür: Paşinyan hər kəsi hədəfə çevirir

Bu ehtimalın reallığını artıran başqa məqam həm də Xankəndidə Paşinyanın çıxışından sonra təşvişin başlanmasıdır. Təsadüfi deyil ki, çıxışdan dərhal sonra Təhlükəsizlik Şurasını toplayan separatçılar birbaşa Paşinyana müraciət ünvanlayaraq, ondan Qarabağı öz müqəddəratını təyinatı məsələsini gündəmə gətirməsini tələb ediblər. Üstəlik, Ruben Vardanyanın da Paşinyanla bağlı açıqlaması Xankəndidə İrəvanın tezliklə ondan imtina edəcəyi ilə bağlı şübhələri artıq faktın əvəz etdiyini deməyə əsas verir. Separatçılara görə, Ermənistanın onlardan imtinası növbəti mərhələdə qondarma rejimin maliyyə imkanlarını sıfırlamaqla bərabər onun tam ləğvi prosesini də sürətləndirəcək. Bu isə öz növbəsində bölgənin Bakının tam nəzarətinə keçməsinə və Rusiya sülhməramlılarının Qarabağı tərk etməsinə şərait yaradacaq. Ona görə də Xankəndidən verilən bəyanat təkcə separatçıların yox, eləcə də Moskvanın verdiyi ultimatum kimi dəyərləndirilə bilər.

Bununla belə, Moskva yaranmış böhranı həm də dividentə çevirməyə çalışır. Belə ki, Paşinyanın mətbuat konfransında xüsusilə Qarabağla bağlı səsləndirdiyi ifadələr Moskvaya Ermənistandakı təsir agentlərini hakimiyyətə qarşı aktivləşdirməyə və “İrəvan Xankəndini satır” fikrinin təbliğatına şərait yaradır. Nəticədə bir tərəfdən müxalifəti aktivləşdirən Rusiya, digər tərəfdən Vardanyan üzərinə qurduğu planı sürətləndirməyə çalışır. Yəni Vardanyana indiki dönəmdə Paşinyana qarşı çıxmaq tapşırığı verən Moskva Qarabağdakı situasiyanı dramatikləşdirmək, nəticədə milyarderdən ermənilərin gözündə Azərbaycana qarşı əzmkar qəhrəman yaratmaq niyyətindədir. Qəhrəmanlaşdırma prosesi tamamlanan kimi Moskva mütləq şəkildə Qarabağdakı proseslərin İrəvana transformasiyasını həyata keçirəcək.

Lakin Moskva Paşinyana qarşı qurduğu oyunu təkcə Qarabağda yox, digər istiqamətlərdə aktivləşdirib. Ermənistan daxili siyasətində böyük güc sayılan Erməni Apostol Kilsəsinin Paşinyanla münasibətlərinin kəskinləşməsindən Moskva maksimum şəkildə yararlanmağa cəhd edir. Ona görə də bu günlərdə katalikos II Qaregini fəxri ordenlə təltif edən Moskva bununla təkcə Paşinyana mesaj göndərmir, həm də mühafizəkar erməni cəmiyyətinə kilsənin Rusiyanın yanında olması görüntüsü yaradır. Bununla da Moskva Paşinyanın özü üçün yaratdığı dayaqları, eləcə də onun kilsə ilə başlayan savaşını ermənilərin baş nazirə dəstək məsələsini sorğulamasına şərait formalaşdırır. Bu isə növbəti mərhələdə Paşinyanın devrilməsi üçün istifadə edilməlidir.

Ter-Petrosyan: “Bəli, Ermənistan təslim olub” - Alp.Az

Paşinyan məhz bu amilləri yaxşı bildiyi üçün Rusiyaya qarşı təkcə tənqidləri yox, həm də praktiki fəaliyyətləri artırır. Ona görədir ki, məhz mətbuat konfransından dərhal sonra Daşnaksütyun Partiyasına hücumlarını artıran baş nazir onların bir sıra üzvlərinin həbsinə şərait yaradıb. Paşinyan da yaxşı başa düşür ki, ona təhdid haradan gəlir və Moskvanın daşnakların Ermənistanda etibarlı dayağı olduğunu bilir. Digər tərəfdən Paşinyan Levon Ter-Petrosyan nümunəsini və daşnakların burada hansı rolu oynadığını yaxşı bildiyi üçün eyni situasiya ilə qarşılaşmaq istəmir. Bununla belə Paşinyan təkcə daşnaklara yox, həm də eyni anda digər müxalif güclərə savaş açıb. Robert Köçəryanın Ermənistan Blokunun deputatlarının mandatının ləğv edilməsi məsələsini gündəmə gətirərək, Rusiyanın mümkün təsir imkanlarının hamısını sıradan çıxarmağa cəhd edir. Digər tərəfdən bu sayədə iqtidar həm də müxalifət sırasında parçalanma prosesini sürətləndirməyə və özünə qarşı effektiv ola biləcək bütün gücləri sıradan çıxarmağa çalışır. Bu isə öz növbəsində Paşinyanın parlamentə mühüm müzakirə mövzusunu gətirməklə bağlı ethimalları artırır. Görünür 10 yanvar mətbuat konfransı Ermənistan üçün yeni dönəmi başlatmış oldu. Bu dönəm isə Paşinyanın sərt idarəçilik həyata keçirəcəyi və qərarlar qəbul edəcəyi təxminlərini gücləndirir.

İlkin Həsənov
Xüsusi olaraq Globalinfo.az üçün