putin 9 900x563 1

Cənubi Qafqazda geosiyasi proseslərin sürətlə dəyişdiyi bir vaxtda Rusiyanın regiondakı mövqeyi yenidən müzakirə mövzusuna çevrilib. Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov ABŞ-ın vitse-prezidenti Cey Di Vensin regiona səfərini təbii qarşıladıqlarını desə də, Cənubi Qafqazın Moskva üçün önəmli coğrafiya olduğunu vurğulayıb.

Ermənsitanın qərbmeyilli siyasət yürütməsi, həmçinin Rusiyanın Zəngəzur dəhlizi layihəsindən kənarda qalması Moskvanın daha radikal həmlə edəcəyi barədə gözləntiləri artırır.

Regionda formalaşan yeni siyasi reallıqlar fonunda Rusiya hansı addımları ata bilər? Moskvanın Cənubi Qafqaza birbaşa və ya dolayı yolla müdaxilə ehtimalı varmı?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Rusiyanın regiona, xüsusilə Azərbaycanla bağlı belə bir addıma atması real görünmür:

“Çünki Kremlin buradakı mövqeləri kifayət qədər zəifdir. Birincisi, sosial dayaqları yoxdur. İkincisi, son dövrlərdə Azərbaycanda Rusiyaya bağlı həm iqtidar, həm də müxalifət daxilindəki qüvvələr neytrallaşdırılıb. Rusiyanın təsir imkanları demək olar ki, qalmayıb. Yeganə mümkün ssenari birbaşa müdaxilə ola bilər ki, bu da inandırıcı deyil”.

Z.Əmrəliyev deyib ki, bu baxımdan Ermənistanda vəziyyət fərqlidir:

“Rusiyanın bu ölkədə təsir rıçaqları kifayət qədər genişdir. Həm ölkə ərazisində hərbi mövcudluğu var, həm də siyasi hakimiyyət və müxalifət daxilində Rusiyameyilli məmurların olduğu məlumdur. Ermənistan ordusunda ali rütbəli zabitlərin və generalların əhəmiyyətli hissəsinin Rusiya ilə əlaqələrinin olduğu barədə iddialar səsləndirilir.

zeynal emreliyev 1

Rusiyanın Ermənistana təsir imkanlarının yüksək olması seçki proseslərinə də təsir göstərə biləcəyi ehtimalını artırır. Hətta seçkilər elan olunmamışdan əvvəl belə bu istiqamətdə hazırlıq getdiyi müşahidə olunur. Məsələn, Samvel Karapetyanın iştirakı ilə yeni partiyanın yaradılması bu kontekstdə qiymətləndirilir. Eyni zamanda, Rusiya rəsmilərinin, o cümlədən Prezident Vladimir Putinin Qarabağ klanının liderləri ilə mütəmadi telefon danışıqları və görüşlər keçirməsi də diqqət çəkir. Bu addımların Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq məqsədi daşıdığı iddia olunur”.

Politoloq qeyd edib ki, əslində Rusiya Cənubi Qafqaz ölkələrinin ABŞ-la yaxınlaşmasını qəbul etmir:

“Mövcud geosiyasi şərait müəyyən mənada Rusiyanın yürütdüyü siyasətin nəticəsidir. Vəziyyətin düzgün qiymətləndirilməməsi sonda Moskvanın mövqelərinin zəifləməsinə gətirib çıxaran prosesin əsasını qoydu”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: