Regionu nə gözləyir? – “Paşinyanı yeni müharibəyə çəkmək istəyirlər”


“Ermənistanda hətta ən qatı radikallar belə Qarabağın Azərbaycanın nəzarətinə birdəfəlik keçdiyini qəbul etmək məcburiyyətində qalsalar, o cümlədən İrəvanda etiraz mitinqləri və küçə yürüşləri səngisə də, keçmiş xarici işlər naziri Vardan Oskanyan yenə baş nazir Nikol Paşinyana “Qarabağ uğrunda mübarizə apar” səpgili açıqlamalarla ona ağıl qoymaq istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq Fransa və Nikol Paşinyanın Ermənistanın gələcəyilə bağlı mövqeyini nəzərə çatdırıb:

“Oskanyan deyir ki, Nikol Paşinyan Fransanın dəstəyinə istinad etməlidir. Yəni demək istəyir ki, Fransa yeganə ölkədir ki, Azərbaycanla mübarizəni davam etdirir. Oskaynan bunu deyərkən, Fransanın bu mübarizədə hansı nəticə əldə etdiyini söyləməyi unudur. Çünki ortada Fransanın Azərbaycanla münasibətlərin gərginləşdirməkdən başqa ermənilər üçün müsbət nəticə yoxdur.

Oskaynan eyni zamanda onu da bildirir ki, Ermənistan hakimiyyəti passivləşdikcə onların əvəzinə Qarabağ uğrunda heç kim mübarizə aparmayacaq. Bu məsələdə haqlıdır. Nikol Paşinyan Qarabağ yükündən qurtulduğuna və mövcud reallıqları nəzərə aldığına görə yalnız Ermənistana aid məsələlərlə məşğul olmaq istəyir. Beynəlxalq aləm bu günlərdə Yaxın Şərqdəki gərginliyi müzakirə edir, Qarabağ müzakirə mövzusu olaraq bitmək üzrədir. Bizim üçün isə yeni dövr başlayır – bölgəni məskunlaşdırmaq”.

Əliyar Xəlil
Globalinfo.az