Regionda siyasət dəyişir: NATO Türkiyə üzərindən Güney Qafqaza yerləşir

Analitiklər Rusiyanın zəifləməsi ilə onun Cənubi Qafqazda boşalan yerini kimin tutacağı barədə müxtəlif tezislər səsləndirir. Lakin Türkiyə artıq istər siyasəti, istərsə də iqtisadiyyatı və ən əsas da hərbisi ilə regionda mövqelərini gücləndirib.

Türkiyə ordusunun ayrı-ayrı bölmələri, komandoslar, hərbi müşavir, təlimçilər və s. Qarabağdadır, Azərbaycandadır. Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində silahlı qüvvələri ilə təmsil olunur.

Hazırda Türkiyə Rusiyadan daha əhatəli şəkildə Cənubi Qafqazda mövcuddur. İşğaldan azad edilmiş ərazilərdə xeyli sayda türk şirkətləri təmsil olunurlar.

NATO dövləti olan Türkiyənin bölgədəki varlığı ABŞ başda olmaqla kollektiv Qərbin də marağındadır.

Politoloq Vüqar Zifəroğlu Globalinfo.az-a mövzunu şərh edərkən bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratdı:

“Bu reallıqda Cənubi Qafqazda marağı olan dövlətlərin münasibətlərdəki balansı artıq müəyyən mənada dəyişdi. Burada Türkiyə ön plana çıxdı. Türkiyənin hələ Osmanlı dönəmindən başlayaraq Cənubi Qafqaz siyasəti olub. Hal-hazırda Türkiyənin regionda mövqelərinin güclənməsinin şahidi olmaqdayıq. Buna da əsas təkan verən amil Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi reallıqlar və güc müstəvilərinin dəyişməsi oldu.

Ümumiyyətlə, Cənubi Qafqaz artıq neçə yüz ildir ki, ciddi qüvvələrin maraqlarının toqquşduğu, uğrunda savaşların getdiyi böyük strateji əhəmiyyətə malik bir məkandır. Bütün geosiyasi nəzəriyyələrə görə, dünyanın əsas ciddi əhəmiyyətə malik bölgəsi olan Yaxın Şərqə, eyni zamanda Avropaya bir qapıdır, Şərqlə Qərbi birləşdirən körpüdür”.

Politoloq qeyd edib ki, Türkiyə NATO ölkəsi olmaqla Qərb ailəsinin bir üzvüdür:

“Türkiyə Qərb tərəfindən dəfələrlə qeyri-obyektiv münasibətlərlə qarşılaşmasına baxmayaraq, NATO-da kifayət qədər ciddi söz sahibidir. Bu mənada əlbəttə ki, Cənubi Qafqazda Türkiyənin möhkəmlənməsi bu və ya başqa şəkildə Qərbin də maraqlarına cavab verir. Bu, həm də bölgədə Rusiya faktorunun güclənməsinin və İranın təsir imkanlarının artmasının qarşısını almağa hesablanıb.

Azərbaycan və Türkiyə Prezidentlərinin regionun çiçəklənməsi və gələcəyi ilə bağlı aydın, obyektiv, stabil və inkişafla zəngin olan bir baxışı var. Onlar regionun inkişafını, onun sülh bölgəsinə çevrilməsini istəyir və hətta bununla bağlı “3+3” formatında əməkdaşlıq layihəsini təklif edirlər. Məqsəd, Cənubi Qafqazda iri transmilli iqtisadi layihələrin həyata keçirilməsidir. Zəngəzur dəhlizi bölgə dövlətlərinin hər birinə çox müsbət təsir edə biləcək layihədir”.

Poltoloq əlavə edib ki, Azərbaycan hər zaman qonşu ölkələrlə münasibətlərində milli maraqlarına əsaslanan siyasət yürüdüb, onlarla müsbət, qarşılıqlı anlaşma üzərində qurulan əməkdaşlığa yönəlik addımlar atıb:

“Lakin bu ölkələrin heç də hamısı Azərbaycana münasibətdə adekvat davranmayıblar. Regionda baş verən proseslər fonunda bunun belə olduğunu demək olar hər gün görməkdəyik. Bu mənada Türkiyənin qardaş ölkə olaraq bölgədə mövqelərinin güclənməsi əlbəttə ki, Azərbaycanın da buradakı ciddi iri layihələri həyata keçirməsinə təkan verir. Bütövlükdə, Cənubi Qafqaz prizmasından baxdıqda, Azərbaycan və Türkiyənin hazırda tutduğu mövqe və oynadığı rol yalnız bölgənin inkişafına təkan verəcək, böyük imkanlar açacaq bir siyasətdir”.

Gülnar Səlimova
Globalinfo.az