Azərbaycanda hər yay eyni mənzərə təkrarlanır. Bir tərəfdən rayonlarda satılmayan tonlarla meyvənin tullantıya çevrildiyini göstərən görüntülər yayılır, digər tərəfdən isə Bakı bazarlarında həmin məhsullar yüksək qiymətə satılır. Bu ziddiyyət ilk baxışda paradoksal görünsə də, əslində kənd təsərrüfatı məhsullarının istehsalı ilə istehlakçıya çatdırılması arasında mövcud olan struktur problemlərdən qaynaqlanır.
Məsələ təkcə Azərbaycanın problemi deyil. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına görə, dünyada istehsal olunan meyvə və tərəvəzin təxminən 40-50 faizi istehlakçıya çatana qədər müxtəlif mərhələlərdə itirilir və ya tullantıya çevrilir. Bunun əsas səbəbləri soyuducu infrastrukturun çatışmazlığı, logistika problemləri, bazarların düzgün təşkil olunmaması və məhsulun emal imkanlarının məhdudluğudur.
Azərbaycanda da oxşar vəziyyət müşahidə olunur. Fermer məhsulu yığdığı andan etibarən vaxtla yarışır. Gilas, ərik, albalı kimi məhsullar tez xarab olduğundan onların qısa müddətdə satılması vacibdir. Soyuducu anbarı və ya məhsulunu birbaşa bazara çıxarmaq imkanı olmayan kəndli məhsulu çox aşağı qiymətə vasitəçilərə satmağa məcbur qalır. Vasitəçi almadıqda isə məhsulun müəyyən hissəsi tullantıya çevrilir.
Digər tərəfdən, həmin məhsul Bakıya çatana qədər bir neçə mərhələdən keçir. Daşınma, çeşidləmə, qablaşdırma, saxlanma, topdansatış və pərakəndə satış xərcləri qiymətin üzərinə əlavə olunur. Nəticədə kəndlidən çox aşağı qiymətə alınan məhsul paytaxt bazarında bir neçə dəfə baha satılır.
Hazırda mövsümün sonuna yaxınlaşdığımız üçün qiymətlərin yüksək qalmasının başqa obyektiv səbəbləri də var. Gilas, ərik və albalının əsas yığım dövrü artıq başa çatıb. Bazarda təklif azaldıqca qiymət yüksəlir. Bundan əlavə, bu il bir sıra bölgələrdə yaz aylarında müşahidə olunan əlverişsiz hava şəraiti və məhsuldarlığın aşağı olması səbəbindən bu meyvələr hətta mövsümün pik dövründə də əvvəlki illərlə müqayisədə baha satılırdı. Hazırda satışda olan məhsulların bir hissəsi soyuducu anbarlarda saxlanıldığından onların saxlanma xərcləri də son qiymətə təsir edir.
Beynəlxalq təcrübə göstərir ki, bu problemin həlli təkcə istehsalı artırmaqdan ibarət deyil. Məsələn, Niderland dünyanın ən böyük kənd təsərrüfatı ixracatçılarından biri olsa da, əsas üstünlüyünü yüksək məhsuldarlıqdan daha çox güclü logistika və soyuducu zəncir sisteminə borcludur. Məhsul yığıldıqdan sonra qısa müddətdə çeşidlənir, soyudulur və daxili bazara və ya ixrac istiqamətlərinə göndərilir. Bu da itkiləri minimuma endirir.
İspaniyada meyvə və tərəvəz istehsalçıları əsasən kooperativlər şəklində fəaliyyət göstərirlər. Fermerlər məhsulu birlikdə qablaşdırır, saxlayır və satışını təşkil edirlər. Bu model vasitəçilərin sayını azaldır və istehsalçının gəlirini artırır.
Türkiyədə son illərdə lisenziyalı anbar sisteminin inkişafı və kənd təsərrüfatı logistikasına yatırılan investisiyalar məhsul itkilərinin azalmasına müsbət təsir göstərib. Bununla yanaşı, elektron ticarət platformaları fermerlərin məhsulunu daha geniş bazarlara çıxarmasına imkan yaradır.
Avropa İttifaqında isə ərzaq tullantılarının azaldılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bir çox ölkədə satışa yararlı, lakin bazarda realizə olunmayan məhsullar emal müəssisələrinə, xeyriyyə təşkilatlarına və ya alternativ istifadə sahələrinə yönləndirilir ki, tullantı minimum olsun.
Azərbaycanda da oxşar yanaşmaların tətbiqi bazardakı qiymət fərqini azaltmağa kömək edə bilər. İlk növbədə, regionlarda müasir soyuducu anbarların sayının artırılması, məhsulun emal müəssisələrinin genişləndirilməsi, fermer kooperativlərinin inkişafı və istehsalçı ilə istehlakçı arasında birbaşa satış mexanizmlərinin yaradılması vacibdir. Rəqəmsal satış platformalarının inkişafı da kəndlinin məhsulunu vasitəçilərdən asılı olmadan bazara çıxarmasına şərait yarada bilər.
Əks halda, hər il eyni mənzərə təkrarlanacaq: rayonlarda satılmayan məhsul tullantıya çevriləcək, şəhərlərdə isə istehlakçılar mövsümi meyvələri yüksək qiymətə almağa məcbur olacaq. Bu isə həm fermerin gəlirini azaldacaq, həm də istehlakçının xərclərini artıracaq. Əsas problem məhsulun istehsalında deyil, onun istehsalçıdan istehlakçıya qədər uzanan zəncirin səmərəli işləməməsindədir.
Akif Nəsirli
Globalinfo.az