raff

Türkiyəli pop ulduz Rafet El Roman bildirib ki, süni intellekt onun və digər musiqiçilərin gəlirini, baxışını, azaldıb. Bu artıq ciddi problem kimi təqdim olunur. Süni intellekt robotlarının fəaliyyəti xeyli sayda peşəyə mənfi təsir edir.

Bu gedişat bəşəriyyətə nə vəd edir? Süni intellekt robotları ilə insanların müharibəsi (sözün hər mənasında) başlaya bilər?

Globalinfo.az-a danışan Xəzər Universitetinin IT departament rəhbəri, “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” İctimai Birliyinin eksperti Fərid Musayev deyib ki, Rafet El Romanın fikri hazırda bütün yaradıcı sənət sahələrində hiss olunan dərin iqtisadi və etik narahatlıqları əks etdirir:

“Bu, bir sənətçinin şikayətindən əlavə, texnoloji inkişafın insan əməyinin dəyərinə təsiri ilə bağlı narahatlıqların göstəricisidir. Süni intellektin yaradıcı sahələrə daxil olması bəşəriyyət qarşısında iki fərqli istiqamət ortaya çıxarır. Bir tərəfdən, texnologiya yaradıcılıq imkanlarını genişləndirir. Süni intellekt musiqiçilər üçün bir növ “super alət” rolunu oynaya, kompozisiya prosesini sürətləndirə və daha mürəkkəb səslərin yaradılmasına imkan verə bilər. Musiqi təhsili olmayan, lakin ideyası olan insanlar da süni intellekt vasitəsilə öz musiqilərini yarada bilərlər. Bu, yaradıcılığı daha əlçatan edir. Digər tərəfdən, insan əməyinin dəyərinin azalması riski yaranır. Əgər süni intellekt saniyələr ərzində müəyyən üslubda mahnı yarada bilirsə, peşəkarların illərlə qazandığı təcrübənin iqtisadi baxımdan rəqabət qabiliyyəti zəifləyər. Bu da sənətçilərin gəlirlərinin azalmasına səbəb ola bilər”.

ferid

Fərid Musayev

Ekspert bildirib ki, digər mühüm məsələ mədəniyyətin “robotlaşması” riskidir:

“Süni intellekt mövcud məlumatları emal edərək yeni məzmun yaradır, lakin insan təcrübəsini, ağrını və sevinci hiss etmir. Nəticədə bəşəriyyət texniki baxımdan mükəmməl, emosional baxımdan isə daha az insan yönümlü mədəniyyətlə üzləşə bilər. Bununla yanaşı, iqtisadi bərabərsizlik məsələsi də aktuallaşır. Gəlirlərin yaradıcı şəxslərdən süni intellekt texnologiyalarına sahib böyük korporasiyalara doğru yönəlməsi ehtimalı var. Süni intellekt robotları ilə insanların müharibəsi məsələsinə gəldikdə isə, struktur və iqtisadi mübarizənin müəyyən mənada artıq başladığını söyləmək mümkündür. Bu proses fiziki silahlarla deyil, hüquqi və sosial müstəvidə gedir. Müəllif hüquqları ilə bağlı mübahisələr bunun əsas nümunələrindən biridir. Musiqiçilər və yazıçılar süni intellekt sistemlərinin onların əsərlərindən icazəsiz istifadəsinə qarşı hüquqi mübarizə aparırlar. Hollivudda yazıçı və aktyorların etirazları da bu narahatlıqları nümayiş etdirib. Eyni zamanda, iş yerlərinin itirilməsi ehtimalı süni intellektin tətbiqinə qarşı sosial və siyasi narazılıqları artırır. Bu, insan əməyi ilə texnologiya arasında yaranan mübarizənin başqa bir formasıdır”.

F.Musayev qeyd edib ki, əsas risk süni intellektin məqsədlərinin insan dəyərləri ilə üst-üstə düşməməsidir:

“Məsələn, süni intellektə iqtisadi səmərəliliyi maksimuma çatdırmaq tapşırığı verilsə, sistem bunu insanların işsiz qalması və resurslara çıxışının məhdudlaşdırılması hesabına həyata keçirsə, ciddi qarşıdurma yarana bilər. Lakin hazırkı texnologiya səviyyəsində süni intellektin müstəqil iradəsi və fiziki müharibə aparmaq qabiliyyəti yoxdur. O, verilən məlumatlar və komandalar əsasında fəaliyyət göstərən riyazi modellərdən ibarətdir. Bütün hallarda bəşəriyyət üçün əsas təhlükə “robotların dünyanı ələ keçirməsi” yox, insan yaradıcılığının və iqtisadi müstəqilliyin texnoloji nəhənglərin nəzarətinə keçməsi riskidir. Prosesin nəticəsi isə qanunvericilik, müəllif hüquqları və yeni iqtisadi modellərin formalaşdırılmasından asılı olacaq”.

Ləman İmran
Globalinfo.az

Paylaş: