Qərb Ukraynaya qoşun yeridir – Müharibənin miqyası böyüyür

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib ki, Qərb Ukraynaya təkcə silahla deyil, həm də qoşunla kömək etməyə hazırdır. “Müvafiq qərar veriləcəyi təqdirdə, bəzi ölkələrin hərbi birləşmələrinin ölkəmizdə peyda olmasını qətiyyən istisna etmirik” Danilov deyib.

Milli Təhlükəsizlik Şurasının katibi eyni zamanda Ukraynaya əcnəbi hərbçilərin yerləşdirilməsi məsələsinin həssaslığına diqqət çəkib və bunun həmişə müzakirəyə açıq olmayacağını vurğulayıb.

Danilov indiki məqamda Qərb tərəfdaşlarından vaxtında silah göndərilməsini gözlədiklərini bildirib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının sədri Aleksey Danilov martın 6-da cəbhədəki son durumla bağlı “X” hesabında paylaşım edib:

Oleksiy Danilov speaks during an interview.

Aleksey Danilov

“O, cəbhədəki vəziyyətin çətin olduğunu bildirib. Deyib ki, Ukrayna bütün çağırışlara cavab tapacaq. Aleksey Danilov proseslərin sürətlə inkişaf etdiyini vurğulayıb. Danilov bir addım geri çəkilə biləcəklərini istisna etməyib. Həmçinin deyib ki, iki addım irəli gedəcəklər”.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller daha əvvəl Ukraynanın Rusiyaya sürprizlər hazırladığına işarə vurub.

A.Danilovun bu bəyanatla çıxış etdiyi gün Ukrayna Rusiya ərazisində xüsusi əməliyyat keçirib, dağ-mədən zənginləşdirmə kombinatını vurub. Həmçinin Rusiyanın bir sıra regionlarına da pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak isə bildirib ki, artıq cəbhədəki vəziyyət dəyişib və Rusiya ciddi itkilər verməyə başlayıb.

Mixaylo Podolyak

O bunu Ukraynanın silah tədarükünün artması ilə əlaqələndirib: “Ukrayna əhəmiyyətli miqdarda mərmilərə və uzaqmənzilli raketlərə sahib olan kimi Rusiyanın itkiləri kəskin artır”.

Son zamanlar Rusiya döyüşlərdə irəliləyib. Ukrayna isə müdafiəyə keçib. Bunun əsas səbəblərindən biri məhz Ukraynaya hərbi dəstəyin azalmasıdır. Ümumiyyətlə, indiki mərhələdə silah-sursat Kiyev üçün həlledicidir”.

Ekspert deyib ki, A.Danilovun, M.Podolyakın verdikləri açıqlamalar, həmçinin dünənki hadisələr onu deməyə əsas verir ki, Ukraynaya hərbi dəstək qismən artırılıb:

“İndi sual bunun nə qədər davamlı və effektiv olacağıdır. Proseslər onu deməyə əsas verir ki, Ukraynanın Rusiya ərazisində və işğal olunmuş Krım yarımadasında keçirdiyi xüsusi əməliyyatlar, həmçinin PUA hücumları müsbət nəticə üçün kifayət deyil. Görünən odur ki, bu həmlələr Ukrayna xalqında da hələ hakimiyyətə qarşı ictimai rəy yaratmır. Rusiya isə döyüş meydanında müəyyən kiçik uğurlar əldə edir.

A.Danilov “Ukrayna bu gün çağırışlara cavab tapacaq” sözləri ilə, yəqin ki, hansısa “B planı”na işarə edib. Hərçənd Kiyevin qələbəsini təmin edə biləcək yeganə faktor lazımi miqdarda silah-sursat, o cümlədən F-16 qırıcı təyyarələridir. Bu isə “Pirr qələbəsi”ndən başqa bir şey olmayacaq.

Mümkündür ki, rəsmi Kiyev ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər müharibəni bitirmək, ən azı ciddi uğur əldə etmək istəyir.

Çünki ABŞ-da respublikaçıların hakimiyyətə gəlməsi ilə Ukraynanın işi daha da çətinləşə bilər. Amma onu da nəzərə almalıyıq ki, indiki halda döyüşlərin bir neçə aya başa çatması real görünmür.

Ümumiyyətlə, indi cəbhədə çətin durum yaranıb. Tərəflər qələbə uğrunda döyüşdükcə proses daha da mürəkkəbləşir. Rusiya itirəcək şeylərinin azaldığını hiss etdikdə daha aqressiv davranacaq. Bu isə nüvə silahının tətbiqi ilə bağlı ehtimalları artırır.

Qərbin Ukraynaya qoşun göndərməsi ideyasını ilk dəfə Fransa Prezidenti Emmanuel Makron səsləndirmişdi. Lakin bir çox Qərb liderləri bu fikirləri tənqid etdilər. Əslində, Qərb qoşunlarının Ukraynaya yerləşməsi praktik baxımından mümkündür. Lakin dediyimiz kimi, bu, vəziyyəti daha da qəlizləşdirə bilər”.

Turan Rzayev
Globalinfo.az