Qərb Ukraynanı çıxılmaz hala saldı – Kursk əməliyyatı mənasız elan edildi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson deyib ki, Kurska hücum mənasız idi və Kiyevə xeyli canlı qüvvə, texnika itkisi hesabına başa gəlib. Ukrayna hökumətindəki istefalar da bununla əlaqələndirilir.

Bir müddət öncə Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot da Kurska hücumu “uğursuz” adlandırıb və Ukrayna hökumətindəki kütləvi istefaları bununla əlaqələndirib. Qərbdən Kursk əməliyyatının fiasko olması fikirləri artmağa başlayıb.

Gerçəklik nədən ibarətdir?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Ramiyə Məmmədova deyib ki, Kurska hücum Ukraynanın həmləsi deyil:

Ramiyə Məmmədova

“Rusiya torpaqlarına girmək ABŞ kəşfiyyatı və hərbçilərinin strategiyası idi. Bunun üzərində uzun müddətdir ki, çalışırdılar. Seçki öncəsi gedən proseslərə nəzər salsaq görərik ki, Rusiya-Ukrayna müharibəsi müddətində Co Baydenin fəaliyyəti sıfıra bərabər idi. Fələstin-İsrail müharibəsi gündəmə gəldiyi zaman Ukrayna münaqişəsi ikinci plana salındı. Fikri bu müharibəyə, ABŞ-ın artan gücünə yönləndirmək üçün atılan addımdır. Kursk əməliyyatında ukraynalılarla yanaşı muzdlu əsgərlər də iştirak edirlər”.

Politoloqun sözlərinə görə, ABŞ bu addımla Rusiyanın guya zəif olduğunu isbat etməyə çalışırdı:

“Lakin 700 km-dan daha çox irəliləyə bilmirlər. Bu hücumda həddindən artıq hərbi texnika, canlı qüvvə istifadə olunur. Rusiya isə öz torpaqlarını qorumaqla məşğuldur. Rusiya həm özünün, həm də Ukraynanın ərazisində müharibə aparır. Bu da onun gücünün azalmasına səbəb olur. Digər tərəfdən Kreml də yeni silahlar almağa davam etdiyi üçün Qərb Kursk əməliyyatının uzun müddət davam edəcəyini gözləmir. Rusiya və Ukrayna liderləri müharibənin bitməsi üçün danışıqlar masasına oturmaqda maraqlı deyil. Hər ikisi öz maraqlarını həyata keçirməyə çalışırlar”.

Safura Bənnayeva
Globalinfo.az