Azərbaycan tarixində bu günə qədərki ənənəvi bələdiyyə fəaliyyətinin mahiyyətcə son hesabatı hesab edilməlidir, çünki yanvarın 29-da keçirilən seçkilərlə ölkənin bütün ərazilərini əhatələyən bələdiyyələr yenidən formalaşdırılmış, bələdiyyə şəbəkəsi müstəqillik tarixində ilk dəfə bütün ərazilərimizi əhatələyəcək və sevindirici haldır ki, biz növbəti məruzədə artıq Qarabağ və Şərqi Zəngəzurdakı bələdiyyələrimizin fəaliyyəti barədə məlumatları dinləyə biləcəyik.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bu gün keçirilən plenar iclasda deyib.
“Bir il əvvəl Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında and içərək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam bərqərar olunduğu bir şəraitdə keçirilən ilk Prezident seçkilərinin mübahisəsiz qalibi kimi səlahiyyətlərinin icrasına başlaması mahiyyətcə yeni bir eraya start verilməsi demək idi. Azərbaycan xalqı Vətən müharibəsi və antiterror tədbirlərinin ardınca ilk dəfə bütün ərazilərimizdə baş tutmuş Prezident seçkilərində də yekdil, həmrəy olduğunu nümayiş etdirərək ən yüksək ideallara layiq olduğunu ortaya qoydu.
İndiki məqamda bu çox vacib idi, çünki qlobal ziddiyyətlərin artdığı, bəşəri dəyərlərin itməkdə olduğu və insan haqları anlayışının deqradasiyaya uğradığı hazırkı reallıqda mürəkkəb coğrafiyalarda insanların əslində iki seçimi olur. Ya öz dövlətinin adamı olmaq, ya başqa dövlətin.
Qərb təbliğat maşını illərlə elə bir situasiya formalaşdırıb ki, özünü beynəlxalq ictimaiyyət adlandıran bir qrup ölkə istisna olmaqla, digər coğrafiyalarda öz dövlətinin adamı olmaq az qala qəbahət sayılır.
Məhz bu təbliğatın təsiri altında öz dövlətinin adamı olmaqdan qorxan və beləliklə də əslində digər güclərə işləyən “müstəqil adam”lar yetişdirilir, “müstəqil media” formalaşır. İmperializm də məhz həmin adamlardan istifadə edib dövlətlərin daxili işlərinə müdaxilə edir, yaxud etməyə çalışır.
Son proseslər, xüsusən media fəaliyyəti adı altında milli maraqlar əleyhinə fəaliyyət göstərən təsisatlar ətrafında həyata keçirilən cinayət təqibi, habelə USAID-in bağlanması fonunda, təəssüf ki, şahid olmaqdayıq ki, Azərbaycanda da bu metod uzun bir dövr ərzində effekt verib, özünü “müstəqil” sayan əslində isə öz dövlətindən başqa hamıya işləyən “siyasətçilər”, “jurnalistlər” yetişib.
Sadəcə, sual qoyulmalıdır ki, Qərbdən maliyyələşən, Qərbdən tezis alan media, yaxud siyasətçi hansı adla müstəqil fərd, yaxud müstəqil media adlana bilər?
Bu mənada, Azərbaycan insanı bir il əvvəl yekdilliklə yenidən Prezident İlham Əliyev deməklə əslində dövlətinə bağlı olduğunu göstərdi.
Ötən bir il ərzində atılan addımlar, artan gücümüz, Azərbaycan xalqının nə qədər müdrik olduğunu bir daha ortaya qoyur.
Bu mənada, hesab edirəm ki, illik məruzə də bu konfiqurasiyda qiymətləndirilməlidir.
Problemlər varmı, təbii ki, var və kifayət qədər məsələ qaldırmaq mümkündür. Məsələn, torpaqların sərhədlərinin hələ də dəqiq müəyyən edilməməsi, bələdiyyələrin vergi yığımı ilə bağlı effektiv mexanizmlərin olmaması, bələdiyyələrin imkanlarının xaricində olan öhdəliklərlə yüklənməsi, o cümlədən kənd yollarının bələdiyyələrin balansında olması və bu yolların təmirinin imkan xaricində olması kimi çoxsaylı məsələlər var, amma hesab edirəm ki, indiki məqamda biz daha çox konseptual məqamlara fokuslanmalıyıq və konseptual əsasda isə deyə bilərik ki, böyük zəfərimizin ardınca formalaşan konfiqurasiya kifayət qədər müsbət perspektiv vəd edir”.
Safura Bənnayeva
Globalinfo.az