Qarabağdakı “aksiya” şousunda Rusiya detalı: “Yayın sonuna kimi bu dəyişiklik olacaq”

Qarabağdakı separatçılar “aksiya” adı altında Ağdam-Əsgəran yolunu bağlayıb, barrikadalar qurublar. Onlar bununla Ağdamdan Qarabağa humanitar yardımların çatdırılmasının qarşısını almağa çalışdıqlarını deyirlər.

Azərbaycan dəfələrlə ərazidə yaşayan erməni sakinlərə Ağdam-Xankəndi yolu vasitəsilə yardım çatdırıla biləcəyini qeyd etsə də, separatçılar buna imkan vermir, “humanitar böhran” məsələsinin təbliğini davam etdirmək istəyirlər.

Bəs hazırkı proseslər fonunda ermənilərin bunu etməkdə əsas məqsədi nədir? Məsələ ümumi çərçivədə necə dəyərləndirilməlidir? Bakının hansı addımları atması daha məqsədəuyğundur?

Mövcud vəziyyəti Globalinfo.az-a dəyərləndirən siyasi analitik Orxan Amaşov bildirib ki, hazırda bölgədə yeni reallıq yaranıb:

“Nikol Paşinyan Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini tanımağa hazır olduğunu bildirdikdən sonra Qarabağda bu kimi hadisələr geniş vüsət aldı. Qarabağın Azərbaycanın tərkib hissəsi olması reallığını qəbul etməyən sloqanların səsləndirildiyi nümayişlər artır, bu, dayanmayacaq. Çünki ərazidəki separatçılar son nəfəslərini verirlər. Üzərində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) emblemi olan maşınlarda Qarabağa qanunsuz yüklərin daşındığı müəyyən edildikdən sonra yeni reallıq yaranıb. Laçın yolunun hər hansı eksklüzivliyi olmalı deyil. 15 iyunda Laçın sərhəd-buraxılış məntəqəsində baş vermiş təxribatdan sonra yolboyu hərəkət dayandırılmışdı. Buna baxmayaraq BQXK vasitəsilə xəstələrin daşınmasına şərait yaradılırdı. Bu onu göstərir ki, yol prinsipcə fəaliyyətdədir, sadəcə müəyyən məhdudiyyətlər var. Orada təhlükəsizlik riski var, Azərbaycan bunu aradan qaldırana kimi məsələ beləcə qalacaq”.

O.Amaşov qeyd edib ki, Qarabağdakı etirazların arxasında üçüncü qüvvə dayanır:

“Azərbaycan hesab edir ki, Qarabağdan xəstələrin Ermənistana daşınması BQXK vasitəsilə həyata keçirilə bilər, amma humanitar yüklər bizim vasitəmizlə çatdırılmalıdır. Bu da çox məntiqlidir. Gürcüstanda da bu təcrübə tətbiq olunur. Ona görə də BQXK öz fəaliyyətində dəyişiklik etməlidir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin 15 iyul bəyanatında bu məsələ öz əksini tapdı, lazımı dəyişikliklər olacaq. Separatçılar isə təslim olmaq istəmədikləri üçün orada etiraz dalğası formalaşdırırlar. Eyni zamanda ərazidəki narazılıq həm də Rusiya və Ermənistan hökumətlərinə ünvanlanıb. Hesab olunur ki, rus sülhməramlıları öz funksiyalarını yerinə yetirə bilmirlər. Moskva bütün bu etirazları öz maraqlarına uyğun yönləndirmək istəyir. Rusiya çalışır ki, mövcud narazılıq Bakı və İrəvana yönəlsin. Moskvanın bu davranışı tamamilə aydındır, lakin konstruktiv deyil. Amma onların ərazidəki resursları azalır. Çünki Azərbaycan danışıqlar prosesində dinamikanı, mövzuların dairəsini müəyyənləşdirir, onu mümkün qədər sürətləndirir”.

Orxan Amaşov yayın sonuna kimi Qarabağda müəyyən dəyişikliklərin olacağını söyləyib:

“İndi yeni məsələ ortaya çıxıb, Qarabağa humanitar yüklər Ağdam-Bərdə yolu ilə daşınmalıdır. Bu isə həm praktiki, həm də suverenlik baxımından daha düzgün və münasibdir. Ona görə də hesab edirəm ki, Rusiyanın təşkil etdiyi bu etiraz dalğaları davam edəcək. Amma yay aylarının sonuna kimi Qarabağda müəyyən dəyişikliklər olacaq. Bu dəyişikliklər əsasında sentyabrda Brüsseldə növbəti görüş keçirilərsə, beləliklə, sülh müqaviləsinin imzalanması üçün bünövrə qoyulmuş olacaq. Çünki ilin sonuna kimi nə isə imzalanmalıdır. Şarl Mişel də son açıqlamalarında danışıqların dinamikasındakı inkişafın yaxın gələcəkdə atılacaq addımlardan asılı olacağını demişdi. Bu isə Qarabağ komponenti ilə bağlıdır. Bu məsələ sülh müqaviləsində yoxdur, amma orada inkişaf lazımdır ki, sözügedən sənəd imzalana bilsin. Oradakı dəyişiklər ya Ermənistan hökumətinin separatçılara təzyiq etməsi ilə baş verəcək, nəticədə onlar tərksilah olacaqlar. Əks halda Azərbaycan lazımı addımları atacaq”.

Ayşən Mustafa
Globalinfo.az