Qarabağ Universitetində bütün ixtisaslar üzrə minimum 350 bal tələbinin tətbiqi ilə bağlı müzakirələr davam edir. Təhsil eksperti Elçin Murad hesab edir ki, universitetin hazırkı mərhələdə belə qərar verməsi məqsədəuyğun deyil.
Globalinfo.az xəbər verir ki, “modern.az” mövzu ilə bağlı təhsil eksperti Elçin Muradın fikirlərini öyrənib.
Ekspert bildirib ki, Qarabağ Universiteti cəmi iki ildir fəaliyyət göstərir və bu səbəbdən minimum bal həddinin inzibati qaydada müəyyənləşdirilməsi üçün hələ tezdir.
“Qarabağ Universitetinin belə bir qərar almağı mənim fikrimcə, hələ ki, yanlış atılmış addım olardı. Universitet təzə açılıb, iki ildir fəaliyyət göstərir. Yaxşı olardı ki, bir müddət tələbə qəbul edəndən sonra yavaş-yavaş belə bir nəticəyə gəlsinlər. Belə olan halda Qarabağ Universitetinə müraciət sayı azalacaq”.
Elçin Muradın sözlərinə görə, universitetin yüksək nəticə göstərən abituriyentləri cəlb etmək istəyi başadüşüləndir.
Lakin yalnız minimal bal meyarı tətbiq etmək bəzi istedadlı gənclərin təhsil imkanlarını məhdudlaşdıra bilər.
“Bəzən abituriyent imtahanlarda yüksək bal toplama potensialına malik olur. Həqiqətən də savadlı şagirddir. Amma imtahan ərəfəsində müəyyən fiziki və ya texniki problemlə üzləşə bilər və nəticədə zəif nəticə göstərər. Məsələn, 500 bal toplamaq potensialı olan abituriyent 300 bal yığır. Bu halda onun yolu bağlanmış olur”.
Ekspert hesab edir ki, minimum 350 bal tələbi universitetə müraciət edənlərin sayına da mənfi təsir göstərə bilər.
“Bu qərar istər-istəməz həm qəbul olunanların, həm də Qarabağ Universitetinə müraciət edən abituriyentlərin sayına təsir edəcək”.